Prezident: “Azərbaycan Avropa Olimpiya Oyunlarını Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcək”

“Bu ildən biz Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə başlamalıyıq. Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.
Dövlət başçısı bildirib ki, bu, çox ciddi hadisə, eyni zamanda, Azərbaycanda son illər ərzində görülən işlərin təzahürü, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir: “Bu, Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuliyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.
Yaxın günlərdə təşkilat komitəsinin yaradılması ilə bağlı qərar veriləcək və işlər dərhal başlanmalıdır. Əlbəttə, dövlət qurumları bu işlərdə fəal iştirak etməlidir. Buraya həm infrastruktur, nəqliyyat, təhlükəsizlik, turizm – bütün sahələr cəlb edilməlidir. Biz bir daha dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdir. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidir. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO