“Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinin hüquqi əsasları: problemlər və perspektivlər” mövzusunda keçirdiyi Dəyirmi Masanın
Press Relizi
Artıq 10 ildir ki, Azərbaycanda dünya və Avropa standartlarına, Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasında nəzərdə tutulmuş prinsiplərə uyğun olan yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına başlanılmışdır. Bu illər ərzində respublikamızda sayca iki bələdiyyə seçkisi keçirilmiş, ölkə üzrə bələdiyyə qurumları şəbəkəsi yaradılmış, onların inkişafı ilə bağlı kifayət qədər təcrübə əldə edilmişdir ki, bu da yerlərdə əhalinin müxtəlif problemlərini həll etmək üçün demokratik mexanizmlərin formalaşdırılmasına imkan vermişdir. Ötən dövr ərzində bütün mövcud çətinliklərə baxmayaraq yeni formalaşdırılmış bələdiyyələr öz işini davam etdirmiş, hökumətin və yerli özünüidarəetmənin inkişafında maraqlı olan vətəndaş cəmiyyətlərinin yaxından köməkliyi sayəsində işlərini qurmağa başlamışlar.
Lakin hələ də yerli özünüidarəetmə sahəsində bir sıra ciddi problemlər qalmaqdadır ki, bunun da ən mühüm səbəbi bu sahədə ənənələrin, təcrübənin olmamasıdır. Bu baxımdan aparıcı ölkələrin yerli özünüidarəetmə sahəsindəki təcrübələrinin öyrənilməsinin və həmin təcrübədən Azərbaycanın milli və yerli şəraiti nəzərə alınmaqla yaradıcılıqla istifadə olunmasının faydalı olacağını güman edirik.
23 dekabr 2009-cu il tarixində keçirilməsi nəzərdə tutulan növbəti bələdiyyə seçkiləri ərəfəsində hesab edirik ki, əhalidə bələdiyyə şüurunun formalaşması üçün ilk növbədə geniş maarifləndirmə işi aparılmalıdır. Bu məsələdə bələdiyyələr başda olmaqla Qeyri Hökumət Təşkilatları, siyasi partiyalar, elm adamları üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Qanunvericilikdə müvafiq dəyişikliklər edilərək bələdiyyələrin vəzifə və səlahiyyətləri açıq şəkildə müəyyənləşdirilməli, mərkəzi dövlət orqanları və onların yerdəki nümayəndələrinin, xüsusilə yerli icra hakimiyyətlərinin bələdiyyələrin səlahiyyətlərinə aid olan sahələrə və onların fəaliyyətinə müdaxilə etməsinə imkan verilməməlidir. Bu baxımdan yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları arasında səlahiyyət və məsuliyyət bölgüsünün aparılmasını məqsədəuyğun hesab edirik.
“İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu” və “İnsan Hüquqlarları üzrə İctimai Şura” İctimai Birliyi Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti və inkişafı ilə bağlı problemlərin həlli yollarını özündə ehtiva edən Təkliflər Paketi hazırlamışdır və sənəd geniş ictimaiyyətin müzakirəsinə verilir.
19 noyabr 2009-cu il