Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində real irəliləyiş olduğunu deyib. APA-nın xəbərinə görə, Rusiyada səfərdə olan P. Semnebi “Reuters”-ə açıqlamasında danışıqlar prosesinin intensivləşdiyinə diqqət çəkib: “Bir ay ərzində Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşü keçirilib. Tezliklə daha bir görüş olacaq”.
Münaqişənin alovlanması riski və problemin hərbi yola həlli ehtimalına toxunan P. Semnebi bildirib ki, tərəflər bunun məsuliyyətini və nələrə səbəb olacağını başa düşür. Onun fikrincə, ötən il Gürcüstanda baş vermiş müharibə bölgədə istənilən hərbi fəaliyyətin risklərini ortaya qoyub: “Gürcüstandakı müharibə Azərbaycan və Ermənistan üçün də siqnal oldu”.
Türkiyə-Ermənistan münasibətlərinə toxunan P. Semnebi qeyd edib ki, Türkiyə ölkə daxilindəki etirazlardan sonra Ermənistanla münasibətlərin normallaşdırılması prosesində geriyə doğru taktiki addım atıb: “Bu addım 180 dərəcəlik dönüş deyil. Biz dialoqun davam edəcəyinə ümid bəsləyirik”.