Ombudsman Aparatının əməkdaşları 3 saylı İxtisaslaşmış müalicə müəssisəsində, 15 saylı Cəzaçəkmə müəssisəsində (CÇM) və 3 saylı İstintaq təcridxanasında araşdırma aparıblar.
Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İxtisaslaşmış müalicə müəssisəsində, 15 saylı Cəzaçəkmə müəssisəsində və 3 saylı İstintaq təcridxanasında olublar.
Aparatın əməkdaşları 3 saylı İxtisaslaşmış müalicə müəssisəsində Müvəkkilə müraciət edən məhkumlarla, eyni zamanda buradakı cərimə təcridxanasında saxlanılan şəxslərlə görüşüb, cərimə palatalarında saxlanılma şəraiti, saxlanılan şəxslərin səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər. Həmin şəxslər saxlanılma şəraitindən və rəftardan narazılıq etməyiblər.
Həmçinin ombudsmanın nümayəndələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin təmsilçiləri tərəfindən müvəkkilə ünvanlanmış müraciətlərin araşdırılması məqsədi ilə həmin gün 15 saylı CÇM-də olub, qəbul edilmiş məhkumlara hüquqi məsləhətlər verilib, ombudsmanın səlahiyyətləri izah edilib.
Daha sonra 3 saylı İstintaq təcridxanasına da başçəkmə həyata keçirilib, Müvəkkilin ünvanına daxil olan müraciət araşdırılıb. Məhbuslar üçün nəzərdə tutulub, müasir standartlara cavab verən yeni yeməkxananın istifadəyə verilməsi müsbət hal kimi dəyərləndirilib.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı başçəkmə həyata keçirilmiş hər üç müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.
Trend.az