Fevralın 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2015-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.
Xidmətdən Trend-ə verilən məlumata görə, müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların rəis heyəti, eləcə də nazirliyin aidiyyəti qurum rəhbərləri iştirak ediblər.
Penitensiar Xidmətin rəisi vəzifəsini icra edən ədliyyə general-mayoru Hüseyn Əlixanov qurumun 2015-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edərək, 03.02.2015-ci il tarixdə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun iştirakı ilə keçirilmiş geniş müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə müvafiq tədbirlər planına əsasən görülən kompleks işlər, Baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişaf etdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların qanunvericiliklə genişləndirilmiş hüquqlarının təmin edilməsi, onların daimi yaşayış yerlərinə yaxın ərazilərdə yerləşdirilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun səmərəli fəaliyyətininin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Hesabat dövrü ərzində I Avropa Oyunlarının və 1 noyabr 2015-ci il tarixdə Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı Xidmətin üzərinə düşən vəzifələrin operativ icrası təmin edilib. Dövlət başçısı tərəfindən 18 mart və 29 dekabr 2015-ci il tarixlərdə 311 məhkumun əfv edilməsi ilə bağlı sərəncamları vaxtında və dürüst icra edilib.
Həbs edilən şəxslərin və məhkumların qeydiyyat işinin təkmilləşdirilməsi məqsədi ilə “Vahid Elektron Baza və İdarəetmə sistemi”nin formalaşdırılması prosesi başa çatdırılaraq 25.12.2015-ci tarixdə təqdimatı keçirilib.
Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, görülən tədbirlər nəticəsində hesabat dövründə 326 mobil telefon, 242 qram müxtəlif narkotik maddələr, 128 litr spirtli içki hazırlanması məqsədilə istifadə olunan qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 397 müxtəlif, o cümlədən əvvəllər törədilmiş bir sıra cinayətlərin üstünün açılmasına köməklik göstərilib.
Eyni zamanda, hesabat dövründə vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 18 əməkdaş tutduqları vəzifədən azad olunub, 18 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.
Müşavirəyə yekun vuran ədliyyə general-mayoru Hüseyn Əlixanov mövcud nöqsan və pozuntulara toxunaraq, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, habelə nizam-intizamın gücləndirilməsi, İslah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi məqsədi ilə əlavə tədbirlərin müəyyənləşdirilməsi zəruriliyini diqqətə çatdırıb.