Parlament qəbul etdiyi yekun müraciəti ABŞ Konqresininə ünvanlayıb

Azərbaycan Parlamentinin (Milli Məclis) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə İqtisadi siyasət komitəsinin 2009-cu il iyunun 30-da keçirilmiş birgə iclasında ABŞ Konqresinin Nümayəndələr Palatasına müraciətin yekun variantı qəbul edilib. Müraciətdə alt komitənin 2009-cu il iyunun 17-də qəbul etdiyi və baxılmaq üçün yuxarı instansiyalara göndərdiyi qərardan narahatlıq bildirilib.

“Həmin qərarda 2010-cu maliyyə ili üçün Dövlət əməliyyatlarına və xarici əməliyyatlara maliyyə vəsaitlərinin ayrılmasına dair qərar çərçivəsində qeyri-qanuni Dağlıq Qarabağ qurumuna 10 milyon ABŞ dolları məbləğində yardım ayrılmasının və 1992-ci ildə qəbul olunmuş Azadlığa Dəstək Aktına 907-ci Əlavənin qüvvəsinin ABŞ Prezidenti tərəfindən illik dayandırılması səlahiyyətlərinin həyata keçirilməsi üçün şərtlər qoyulmasının nəzərdə tutulması separatizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər”, – müraciətdə bildirilir.

Azərbaycan Parlamentinin komitələri hesab edirlər ki, separatçı rejimə yardım göstərilməsinə dair bu qərar yuxarı instansiyalar tərəfindən də bəyəniləcəyi təqdirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk Qrupunun həmsədri kimi ABŞ-ın obyektivliyini və tərəfsizliyini şübhə altına ala bilər və bu, heç də Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət etmir.

“Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin əhalisi təkcə erməni icmasından ibarət deyil. Etnik təmizləmə nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş 65 minlik azərbaycanlı icması bu gün ölkəmizin digər ərazisində daha çətin vəziyyətdə yaşamaqdadır və ABŞ-ın hər hansı humanitar yardımından istifadə etmək imkanından məhrumdur. Belə bir vəziyyətdə separatçı Dağlıq Qarabağ qurumuna göstərilən yardımlar, Azərbaycanın işğal olunmuş ərazisi barəsində birtərəfli addımlar Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında qarşılıqlı etimad mühitinin və birgə yaşayış şəraitinin formalaşmasına mane olur”, – Parlament komitləri tərəfindən göndərilən müraciətdə deyilir.

Müraciətdə qətiyyətlə bildiririk ki, ABŞ-ın Dağlıq Qarabağa göstərə biləcəyi hər hansı bir humanitar yardım Azərbaycan hökuməti ilə razılaşdırılmalı və bu məsələdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktı unudulmamalıdır. Dağlıq Qarabağa humanitar yardımların ABŞ-ın dövlət agentlikləri vasitəsi ilə göstərilməsi nəzərə alınarsa, həmin yardımların Azərbaycan ərazisində fəaliyyət göstərən müvafiq agentliklər tərəfindən çatdırılması düzgün olardı. Bu həm ABŞ-ın humanitar narahatlıqlarına cavab verər, həm də Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə ABŞ-ın mövqeyini bir daha əks etdirərdi.

“Müraciətdə ifadə edilən narahatlığımızın anlayışla qarşılanacağına ümid etdiyimizi bildiririk. Əminik ki, ABŞ-Azərbaycan münasibətlərinə, ölkələrimizin strateji tərəfdaşlığına kölgə salan addımların atılmaması, əksinə, bu münasibətlərə və tərəfdaşlığa kömək göstərən tədbirlərin görülməsi, o cümlədən Azadlığa Dəstək Aktına 907-ci Əlavənin ləğv edilməsi zərurəti ABŞ-ın bütün dövlət qurumları, xüsusən Konqresin müvafiq strukturları tərəfindən tezliklə qəbul ediləcək”, – Konqresin Nümayəndələr Palatasına göndərilən müraciətdə qeyd olunur.

Müraciət ABŞ Konqresi Senatının sədri Robert Bördə, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri xanım Nensi Pelosiyə və ABŞ Konqresinin Azərbaycanla əlaqələr üzrə qrupunun üzvlərinə ünvanlanıb.

Trend News

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO