“Bu gün qlobal dünyada gedən proseslər Azərbaycandan da yan keçməyib. Azərbaycan dünyanın bir hissəsi olduğu üçün bu proseslər ölkəmizə də müəyyən təsir edib. Burada təəccüblü bir məqam yoxdur”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Respublika Ağsaqqalar Şurasının bu gün keçirilən iclasında deyib.
Ə.Mehdiyev qeyd edib ki, dövlət böhran təzahürlərini aradan qaldırmaq üçün tədbirlər görür. Ə.Mehdiyev bildirib ki, bu gün Azərbaycan dövləti 90-cı illərdən qat-qat güclüdür: “Dövlət ilə xalqın birgə səyi bu çətin məsələlərin öhdəsindən gəlməyə imkan verəcək”.
Ə.Mehdiyev bildirib ki, Azərbaycanda gözü olan, Azərbaycanı müstəqil siyasətindən sapdırmağa cəhd edən bəzi qüvvələr bu yaranmış vəziyyətdən istifadə etmək üçün dəridən qabıqdan çıxırlar: “5-ci kalonun nümayəndələri onların dəyirmanına su tökür, yaranmış vəziyyətdn istifadə etməyə çalışır. Amma bu vəziyyətdə Azərbaycan ağsaqqları öz sözlərini deyir, cəmiyyəti, gəncləri düzgün istiqamətdə aparırlar. İnanıram ki, biz birgə səyimiz nəticəsində Azərbaycana uzanmış bu əlləri kəsəcəyik, onların çirkin niyyətlərinə çatmasına imkan verməyəcəyik”.
Ə.Mehdiyev əlavə edib ki, Azərbaycanda tarixən ağsaqqal sözü xüsusi məna kəsb edib çünki ağsaqqallar həmişə özünün müdrikliyi, dəyərli məsləhətləri, səriştələri ilə digərlərindən seçiliblər və lazımi anlarda düzgün yol göstərməklə xalqın, cəmiyyətin işinə töhfə veriblər.
PA rəsmisi qeyd edib ki, bu gün də Azərbaycanda ağsaqqallara hörmət böyükdür: “90-cı illərin çətin anlarında da onlar öz dövlətçilik mövqeyini qoruyub saxlayıblar. Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə bələd olan ağsaqqallar Azərbaycanın bu vəziyyətdən onun səyi ilə çıxa biləcəyini bildikləri üçün irəlidə gediblər. Sonrakı dövrdə, Azərbaycan inkişaf mərhələsinə qədəm qoyanda da ağsaqqallar cəmiyyətə öz töhfələrini verib”.