Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işə başlayıb

Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işə başlayıb
İyunun 16-da Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdış gününün – 15 iyun tarixinin Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü elan edilməsinin 20 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi təsis olunmasının 10 illiyinə həsr edilib.

Konfransda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizin 25 ildən artıq müddətdə davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, sürətlə inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutduğunu vurğulayıb. Son illər Azərbaycanda bütün sahələrdə həyata keçirilən əsaslı islahatlardan danışan ombudsman dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan Strateji Yol Xəritələrinin ölkəmizin yeni dövrün tələbləri əsasında daha sürətli inkişafını təmin edəcəyinə əminliyini diqqətə çatdırıb.

E.Süleymanova Azərbaycanın 80 milli və etnik qrupu təmsil edən tolerantlıq modelinin bütün dünyada təqdirlə qarşılandığını bildirərək deyib ki, beynəlxalq aləmdə, həmçinin idman ölkəsi kimi tanınan Azərbaycan ötən ay IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə dünyada tolerantlığın və multikulturalizmin inkişafına növbəti töhfəsini verdi. Çoxsaylı regional və beynəlxalq konvensiya və proqramlara qoşulan Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün zəruri normativ hüquqi baza formalaşdırılıb və bu istiqamətdə çox vacib tədbirlər həyata keçirilir, beynəlxalq əməkdaşlıq diqqət mərkəzində saxlanılır.

Ölkəmizdə ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan E.Süleymanova insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdən, o cümlədən geniş maarifləndirmə işindən danışıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov konfransda çıxış edib. Professor Əli Həsənov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir. Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Azərbaycan güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı.

Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi fəaliyyəti dövrünə konseptual baxımdan qiymət verən Əli Həsənov bu dövrü “fasiləsiz islahatlar və modernləşmə dövrü” kimi xarakterizə edib. Əli Həsənov bildirib ki, bu dövr sosialist təsərrüfat sistemindən yeni sistemə keçidin başa çatması ilə də tarixə düşüb.

Əli Həsənov vurğulayıb ki, bu dövr Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması baxımından xüsusilə əlamətdardır. İlk növbədə, yoxsulluğun 49 faizdən 5 faizə, işsizliyin 50 faizdən 5 faizə endirilməsi qeyd olunmalıdır. Bir milyondan artıq qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli, infrastrukturun yenilənməsi, sosial müdafiə və sosial xidmətlərin səviyyəsinin və əlçatanlığının yüksəldilməsi, ekoloji problemlərə diqqətin artırılması və digər göstəricilər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük nailiyyət hesab edilməlidir.

Prezidentin köməkçisi Əli Həsənov, həmçinin bildirib ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük uğurlar qazanılıb. Ölkədə birləşmək, söz, fikir və mətbuat azadlıqları, habelə digər azadlıqlar təmin olunur, insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. İndi Azərbaycanda 3 mindən çox QHT, yüzlərlə KİV, 55 siyasi partiya, müxtəlif dinlərə mənsub icmalar azad fəaliyyət göstərirlər. İnternetdən istifadə edənlərin xüsusi çəkisi 80 faizdən çoxdur. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab olunaraq, Davamlı İnkişaf Məqsədlərinin, insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyi sahəsində qabaqcıl beynəlxalq prioritetlər nəzərə alınaraq, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planları qəbul olunur və icra edilir. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya edilən dəyişikliklər vətəndaşların hüquqlarının daha da genişlənməsi və etibarlı qorunması üçün əlavə təminatların yaradılmasına xidmət edib.

Çıxışının sonunda Əli Həsənov bəyan edib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova ölkəmizdə ombudsman təsisatının uğurlu fəaliyyətini qeyd edərək, bu sahədə xeyli iş görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri artıq formalaşdırılıb və bunun əsasında qəbul olunan qərarlar bu nəticələrə nail olunmasında öz mühüm töhfəsini verir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında hazırda regionda və dünyada baş verən münaqişələrin ciddi əngəl törətdiyini qeyd edən Bahar Muradova bildirib ki, beynəlxalq hüququn prinsiplərinin aşkar şəkildə pozulması faktı ilə qarşılaşmasına baxmayaraq Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq bu sahədə vacib addımlar atır.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində beynəlxalq və ikitərəfli əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının önəmini diqqətə çatdıran Milli Məclis sədrinin müavini bu baxımdan konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Bahar Muradova Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması istiqamətində ölkəmizdə zəruri qanunvericilik bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsində Milli Məclisin uğurlu fəaliyyətini diqqətə çatdırıb. Parlament sədrinin müavini bu istiqamətdə Azərbaycanda Milli Məclis ilə ombudsman təsisatı arasında səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqlarının qorunmasını təmin edən institutlar arasında əlaqələndirmə işinin təşkili məsələlərindən danışıb. Bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri bütün üzv dövlətləri insan hüquq və azadlıqlarının təmin olunmasına çağırır.

Qeyd olunub ki, BMT Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını alqışlayır. Bu, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə ən yüksək səviyyədə sadiq qaldığını nümayiş etdirir. Ölkəmizdə ombudsman təsisatının fəaliyyətindən məmnunluğunu diqqətə çatdıran Q.İshaqzai bildirib ki, BMT-nin Azərbaycandakı ofisi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirləri fəal şəkildə dəstəkləyir.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Hicran Hüseynova və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdilər.

Konfrans işini davam etdirir.

Konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO