Ombudsman təhsil nazirindən ölkədə qəza vəziyyətində olan məktəblərin təmirinin sürətləndirilməsini xahiş edib

Azərbaycan ombudsmanı Elmira Süleymanova təhsil naziri Misir Mərdanovdan ölkədə qəza vəziyyətində olan məktəblərin təmirinin sürətləndirilməsini xahiş edib.

“Azərbaycan Ombudsman Aparatı tərəfindən bu günlərdə məktəblərin yeni dərs ilinə hazırlığı ilə bağlı monitorinq keçirilib və qəza vəziyyətində olan məktəblər aşkar edilib. Şəki şəhəri 4, 12 və 14 saylı, Baş Zəyzid, Cuma kənd, Şorsu kənd, Zaqatala rayonu Zaqatala şəhər 2 saylı, Tala və Danaçı kənd, Qəbələ rayonu Vəndam qəsəbəsi 1 və 3 saylı, Quba rayonunda Qam-qam və Digah kənd, Dəvəçi rayonunda Dəvəçi şəhər 3 saylı, Ağbaş, Rəhimli, Təzəkənd və Çöl Quşu kənd, Xaçmaz rayonunda Xaçmaz şəhər 3, 5, 6, 7, Xudat şəhər 1, 2, 3 saylı, Hacıbəyli, Əhmədoba və Aşağı Zeyd kənd, Xızı rayonunda Giləzi və Sürabad qəsəbə, Siyəzən rayonunda isə Siyəzən şəhər 2, 3, 4 saylı, Zarat və Yenikənd orta məktəblərinin əsaslı təmirə ehtiyacı olduğu müəyyənləşdirilib”, – ombudsmanın təhsil naziri Misir Mərdanova ünvanladığı müraciətdə bildirilib.

Ombudsman təhsil nazirinin diqqətinə çatdırıb ki, Şəki rayonu Qırxbulaq əsas kənd, Quba rayonu üzrə Mirzəqışlaq əsas və Yalavanc ibtidai, Xaçmaz rayonu üzrə Müzəffəroba və Köhnə Xaçmaz kənd, Xızı rayonunda isə Baxışlı, Yeni Yaşma və Fındığan kənd orta məktəbləri qəza vəziyyətindədir və praktiki olaraq tədris prosesi üçün yararsızdır.

Təhsil nazirinə müraciətdə ombudsman adıçəkilən məktəblərin əsaslı təmir olunmasını və ya yenidən tikilməsi gələcək planlarda nəzərdə tutulduğu halda bu işin təxirəsalınmadan həyata keçirilməsini xahiş edib. Ombudsman təhsil nazirindən xüsusilə Qırxbulaq əsas kənd məktəbinin təmir olunması və ya binanın yenidən tikilməsi, yeni dərs ili başlanana qədər təhlükəli vəziyyətdə olan məktəb binalarında təhsil alan şagirdlərin ən yaxın məktəblərə təhkim edilməsi məsələsinə baxılmasını xahiş edib.

Ombudsman Şəki rayonu Qırxbulaq əsas kənd məktəbinin yenidən tikilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar fövqaladə hallar naziri və Şəki şəhər İcra Hakimiyyətinə də müraciət edib.

Trend

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO