Azərbaycanın ombudsmanı “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı araşdırmanın nəticəsini gözləməyi tövsiyə edir. “Əzizbəyov Rayon Prokurorluğunda Məmmədovun ölümü ilə bağlı aparılan araşdırmanın nəticələrini gözləmək lazımdılr. Onun xəstəliyi heç kimdə şübhə yaratmırdı. Əgər xəstəlikləri təsdiqlənmişdisə, onun ölüm səbəbi ilə bağlı əsassız mülahizələrin irəli sürülməsini istəmirəm”, – Trend News-un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova bildirib.
Trend News-un arayışı: İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlanırılan “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov avqustun 17-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib. İlkin rəydə onun baş-beyin damarlarının kəskin trambozundan öldüyü bildirilib.
Baş redaktor bu il iyulun 28-də 15 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinin nevrologiya şöbəsinə köçürülüb. Aparılan müayinələr zamanı Məmmədovda boyun və bel fəqərələrinin osteoxondrozu, sağtərəfli pleksit, hipertoniya xəstəliyinin tədricən proqressivləşən gedişli ikinci mərhələsi, kəskin obstruktiv bronxitin qalıq əlamətləri, xroniki xolesistit, başlanğıc katarakta, gözdə şüşəvari cismin destruksiyası, hipertonik angioskleroz, düyünlü toksik zob xəstəliyinin birinci mərhələsi, prostat vəzin adenoması xəstəlikləri müəyyən edilib.
68 yaşlı Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri işləyib. O, Talış Mədəniyyət Mərkəzinə də rəhbərlik edirdi. 2008-ci ildə Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələri ilə ittiham olunan Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Süleymanovanın sözlərinə görə, Ombudsman Aparatı əməkdaşlarının müdaxiləsi nəticəsində Məmmədov müalicə müəssisəsində ayrıca palataya köçürülmüşdü.
“Biz Novruzəli Məmmədov Milli Təhlükəsizlik Nazirliyində saxlanılandan onun vəziyyəti ilə bağlı müşahidələr aparıb müntəzəm olaraq kütləvi informasiya vasitələrinə məlumat vermişik. Bizim əməkdaşlar baş redaktorla ölümündən bir neçə gün əvvəl görüşmüşdülər. Bu zaman onun vəziyyəti orta kafi qiymətləndirilirdi. Ona görə də həkimlərin rəylərinə inanmamağa əsasımız yoxdur”, – Süleymanova vurğulayıb.
Onun sözlərinə görə, “Tolişi Sədo” qəzetinin baş redaktorunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat etməsi ilə bağlı araşdırmanın aparılması üçün ailə üzvləri müraciət etməyib.