“Azərbaycan ombudsmanının yeddi illik mandatı başa çatır. Bu illər ərzində o, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün böyük işlər görüb”. APA-nın xəbərinə görə, bunu Ombudsmanların VII Beynəlxalq Bakı Konfransı zamanı jurnalistlərə açıqlamasında BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Pueza deyib.
O, ombudsman Elmira Süleymanovanın bu cür tədbirləri daimi əsasda təşkil etmək təşəbbüsünü alqışlayıb. BMT təmsilçisi hesab edir ki, bu cür tədbirlər insan hüquqları probleminin həm milli, həm də beynəlxalq səviyyədə müzakirəsinin əhəmiyyətini göstərir.
BMT-nin Azərbaycanda yeni layihələr həyata keçirməyi planlaşdırıb-planlaşdırmadığı haqda sualı cavablandıran B. Pueza hazırda həm hökumət, həm də vətəndaş cəmiyyətinin nümayəndələri ilə 2011-2015-ci illər üzrə proqramın tərtib edilməsi ilə bağlı məsləhətləşmələr aparıldığını söyləyib: “Bu proses ilin sonuna qədər başa çatmalıdır”.