Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı ilə Ombudsman Aparatının əməkdaşları Qobustan qapalı həbsxanasında araşdırma aparıblar. Aparatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, buna səbəb son günlər adıçəkilən həbsxanada işgəncə faktlarının olması barədə yayılan məlumatlar olub. Bu müəssisədə cəza çəkən İmran Cənnətovun özünü asmağa cəhd etməsi və cərimə kamerasında işgəncələrə məruz qalması, televizor istədiyi üçün isə digər məhkum Fərrux Qarabağlının döyülərək cərimə kamerasına salınması barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb. Aparatın mətbuat xidmətindən bildirilib ki, məhkum İ. Cənnətov hazırda istintaq altında olduğu üçün ayrı kamerada saxlanılır, F. Qarabağlı isə səhhəti ilə bağlı Penitensiar Xidmətin müalicə müəssisəsinə göndərilib.