Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanasında və polis bölmələrində olub

İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasına baş çəkərək müəssisəyə ümumi baxış keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baxış Ombudsman Elmira Süleymanovanın ünvanına daxil olan müraciətləri araşdırmaq məqsədilə onun tapşırığı əsasında keçirilib.

Müvəkkil Aparatının əməkdaşları Ombudsmana müraciət edən şəxslərlə görüşüblər. Həmin şəxslər istintaq təcridxanasında saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının rəftarından narazı olmadıqlarını söyləyiblər. Onlar yalnız barələrində aparılan istintaqdan narazı olduqlarını vurğulayaraq, vəziyyətləri ilə maraqlandığına görə Ombudsmana təşəkkürlərini bildiriblər.

Daha sonra Ombudsman Aparatının əməkdaşları Əzizbəyov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına (MST), həmin idarənin 1-ci və 2-ci polis bölmələrinə, eyni zamanda Sabunçu RPİ-nin 14-cü və 15-ci polis bölmələrinə baxış keçiriblər. Araşdırmalar zamanı pozuntu aşkar edilməyib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO