Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından maliyyə yardımı almış təşkilatların fəaliyyətini İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planına uyğunlaşdırılması və perspektivlərin müəyyənləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə şuradan maliyyə yardımı almış QHT-lərin nümayəndələri iştirak edib. E.Süleymanova çıxışında vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinin dövlətin prioritet istiqamətlərindən biri olduğunu deyib. Bildirib ki, Ombudsman Aparatı da QHT-lərlə sıx əməkdaşlıq edir. Ötən müddət ərzində QHT-lərin iştirakı ilə ölkənin 54 rayonunda Milli Fəaliyyət Planı ilə bağlı ictimai dinləmələr keçirilib. Milli QHT Forumu İdarə Heyətinin sədri Aydın Kərimov forumun regionlarda QHT-lərin inkişafı ilə bağlı keçirdiyi tədbirlərdən danışıb. Azərbaycan Qadın və İnkişaf Mərkəzinin prezidenti Pərvin Məmmədova həyata keçirdikləri layihə üzrə görülmüş işlər əldə edilən nəticələr barədə məlumat verib. Bildirib ki, rayonlarda “Qadınların seçkidə fəallığının artırılması” mövzusunda silsilə tədbirlər təşkil edilir. Əlillər Təşkilatları İttifaqının sədri Davud Rəhimov dövlətdən alınmış qrant üzrə əlillər üçün gerçəkləşdirilən layihə #231;ərçivəsində keçirdikləri təlimlər barədə danışıb. O, ölkədə əlillərin hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən QHT-lərin uğurları, eyni zamanda problemləri diqqətə çatdırıb.
“Ekoloji Maarifçilik” İctimai Mərkəzinin prezidenti Qəmzə Yusubova, Media və Milli Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli müzakirə olunan məsələlərlə bağlı mülahizələrini söyləyiblər.
Sonda ombudsman E.Süleymanova aparılan müzakirələrin həm QHT-lər, həm də dövlət orqanları üçün əhəmiyyətini vurğulayıb. O, QHT nümayəndələrini müntəzəm qarşılıqlı əməkdaşlığa və bu sahədə işi daha da təkminləşdirməyə dəvət edib. Eyni zamanda birgə hüquqi nəşrlərin hazırlanmasının, regionlarda fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb.
P.SULTANOVA