Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə hökumətlərarası komissiyanın milli katibi Akif Mustafayev bildirib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı tranzit daşımalarının həcminin artması və ölkənin regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi ilə nəticələnəcək.
“Ələt qəsəbəsində yeni beynəlxalq dəniz ticarət limanının tikintisi, dəmiryolu infrastrukturunun müasirləşdirilməsi, yol-nəqliyyat infrastrukturunun inkişafı və müasirləşdirilməsi, hava nəqliyyatının inkişafı daxil olmaqla, böyük nəqliyyat layihələrinin reallaşdırılması Azərbaycanın regionunun nəqliyyat mərkəzi olmasında əhəmiyyətli rol oynayacaq”, – deyən, TRACECA üzrə hökumətlərarası komissiyanın milli katibi Akif Mustafayev bildirib. Onun fikrincə, nəqliyyat sektorunun müasirləşdirilməsi ilə Azərbaycanın tranzit potensialının inkişafı daşımalardan daxil olan gəlirlərin artmasına, ticarətin inkişafına, ölkəyə gələn turist axınlarının sayının artmasına şərait yaradacaq, o cümlədən bizim ölkəmizi dünyada daha çox tanıdacaq. A. Mustafayevin sözlərinə görə, respublikanın tranzit potensialının inkişafında və regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmlənməsində TRACECA dəhlizinin potensialından istifadə əhəmiyyətli rol oynayır: “Çünki bu dəhliz Avropa və Asiya arasında ən mərkəzi və qısa yoldur. Azərbaycan tərəfindən Bakı-Tbilisi-Qars dəmiryolu və yeni dəniz limanının tikintisi layihələrinin həyata keçirilməsi Avropa-Asiya marşrutu üzrə yükdaşımalarının həcminin artırılmasına imkan yaradacaq və TRACECA dəhlizini artıracaq”.
Məlumat üçün qeyd edək ki, son illər TRACECA dəhlizinin potensialının artırılması məqsədilə dəhliz üzərində yerləşən avtomobil və dəmir yolu nəqliyyatının infrastrukturu sürətlə yenilənir. 2015-ci ilə kimi 3 min 578 km respublika əhəmiyyətli, 5 min 928 km yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulub. Eyni zamanda, TRACECA dəhlizinə daxil olan Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri nəzərdə tutulur ki, artıq bunun 276,1 kilometri əsaslı təmir olunub.