“Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalına dair iki məruzə layihəsi AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında müzakirə edilərək, səsə qoyuldu. Hər iki məruzə işğal edilmiş Dağlıq Qarabağ və qonşu ərazilərə dair unudulmuş məsələnin yenidən beynəlxalq gündəmə gətirilməsi uğrunda iki ildən bəri Strasburqda mübarizə aparan Elxan Süleymanovun irəli sürdüyü qətnamə layihələrinə əsaslanırdı”. Teleqraf.com-un məlumatına görə, bu barədə keçmiş sovet respublikalarını öyrənən nüfuzlu ABŞ mərkəzinin saytında (http://cxssr.org/) qeyd edilib. Məqalədə vurğulanır ki, birinci məruzə layihəsi Ermənistan silahlı qüvvələri ilə sərhəddə təmas xəttində zorakılığın artmasına, ikincisi isə Azərbaycan vətəndaşlarının Sərsəng su anbarına yaxın bölgələrdə üzləşdiyi humanitar böhrana və onların qəsdən sudan məhrum edilməsinə diqqəti yönəltmişdi: “Cəbhə xəttində zorakılığın artmasından bəhs edən birinci məruzə layihəsi kiçik səs fərqi ilə rədd edildi, çünki bir çox deputatlar ATƏT-in bu məsələnin AŞPA deyil, onların məsuliyyətində olması arqumentinə təslim olmuşdu. ATƏT-in Minsk Qrupunun həmsədrləri həqiqətən də Avropa Şurası parlamentarilərinə heç zaman görünməmiş, qəzəbli açıq məktublar və mətbuat bəyanatları göndərərək, “onların işləri”nə müdaxilə etməmək barədə “xəbərdarlıq” edirdilər. Nəticədə, bir çox deputatlar Vaşinqton, Paris və Moskva rəsmi administrasiyalarının belə böyük təzyiqinin təəssüratı ilə heç bir mövqe tutmadılar. Nəticədə, 45 deputat səsvermədə bitərəf qaldı, bu isə AŞPA tarixində bitərəf səslərin sayında nadir rəqəm idi. Şübhəsiz, AŞPA-nın cəbhədə təmas xəttində zorakılığın artmasına göz yumması hər iki tərəf – Azərbaycan və Ermənistan üçün təəssüfləndirici haldır, çünki demək olar ki, hər gün hər iki tərəfdə hərbi və mülki itkilər qeydə alınır. ATƏT-in Minsk Qrupu administrasiyaları ermənilərin AŞPA-dakı müzakirəni susdurmaq cəhdlərini açıq-aydın dəstəkləyirdi və ermənilər əsasən hər iki tərəfi həll yolu tapmaq üçün məsuliyyət hiss etməyə çağıran və təmas xəttində zorakılığın artmasından bəhs edən birinci məruzəyə diqqəti yönəltmişdilər, bu səbəbdən onların hamısı ikinci məruzəyə daha az diqqət göstərmişdi. Lakin ermənilər sonradan bu səhvə görə çox təəssüflənəcəkdilər”. Məqalədə qeyd edilir ki, E.Süleymanovun təşəbbüsü olan ikinci məruzə həqiqətən də fərqli xarakter daşıyırdı: “Bu məruzə bütün və yeganə məsuliyyəti, təcavüzkar kimi, açıq-aydın Ermənistan hakimiyyətinin üzərinə qoyur və Azərbaycan vətəndaşlarını Ermənistan təcavüzünün qurbanları kimi təqdim edir. Qətnamədə bildirilir ki, Ermənistan hakimiyyəti Sərsəng hövzəsinin suyundan və bəndin və irriqasiya kanallarının bərbad vəziyyətindən ekoloji təcavüz kimi sui-istifadə edir və bu, Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan vətəndaşları üçün ekoloji fəlakət yaratmaq məqsədi daşıyan zorakı hərəkətdir: “7.2. Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir.” Bütün əvvəlki qətnamələrdən fərqli olaraq, qətnamədə bu təcavüzün birgə məsuliyyət olduğu qeyd edilmir. Bu gün bu təcavüzə görə açıq-aydın məsuliyyət daşıyan yeganə tərəf Ermənistan hakimiyyətidir və Ermənistana bu tələbləri yerinə yetirmək çağırışı edilir. Eyni zamanda, şübhəsiz, qəbul edilmiş 2085 (2016) saylı bu qətnamənin ən mühüm hissəsi odur ki, AŞPA “Ermənistanı açıq-aydın Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı” kimi təqdim edir və AŞPA “Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsi üçün rəsmi tələb” qəbul etdi. Bundan əlavə, Ermənistanın irəli sürdüyü 21 düzəlişin hamısı böyük əksəriyyətlə məğlubiyyətə uğradığından və ya nəticədə geri götürüldüyündən, Avropa Şurası Parlament Assambleyası qəbul edilmiş mətnə Azərbaycanın maraqlarının əleyhinə olan heç bir hissə daxil etməyib. Bu məsələdə klassik istinad olan əvvəlki qətnamələrdən, o cümlədən 2005-ci il qətnaməsindən fərqli olaraq, yeni qəbul edilmiş qətnamədə artıq “nəzarətdə saxlayan separatçı qüvvələr” sözləri yoxdur. 2016-cı ildə bu qətnamənin qəbul edilməsi ilə, nəhayət, AŞPA həqiqətən də birmənalı şəkildə bəyan edir ki, “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini işğal altında saxlayır”. Qətnamə layihəsinin 4-cü paraqrafında öz əksini tapan bu mövqe müzakirədə erməniləri hiddətləndirdi, çünki onlar bu paraqrafın dəhşətli miqyasını və gələcək mövqeləri üçün siyasi nəticəsini çox yaxşı anladılar, lakin Assambleya ermənilərin həmin paraqrafı çıxarmaq barədə düzəlişini 109 səs əleyhinə, 37 səs lehinə və 36 səs bitərəf olmaqla, rədd etdi. Nəticə etibarilə, bu qətnamənin mətni bütövlükdə plenar iclasda 98 səs lehinə, 71 səs əleyhinə və 40 səs bitərəf olmaqla, qəbul edildi. Bu qətnamə 26 yanvar 2016-cı ildən etibarən rəsmi 2085 (2016) nömrəsini daşıyır və AŞPA-nın əsas səhifəsində “qəbul edilmiş mətnlər” kateqoriyasında yerləşdirilmişdir. Yeni qətnamə bu gündən etibarən Parlament Assambleyasının yekun, dəyişməz və rəsmi sənədidir və əvvəlki 1416 (2005) saylı qətnamə ilə birlikdə nəzərdən keçirilə bilər və biləcək. Bu yeni 2016-cı il qətnaməsi əvvəlki 2005-ci il qətnaməsi ilə bərabər, istənilən müzakirədə, istənilən formatda yeni hüquqi istinad kimi, Azərbaycanın istənilən rəsmisi və ya Azərbaycanın dostları üçün hüquqi dəstəkdir. AŞPA, BMT TŞ, AP yaxud ATƏT tərəfindən Dağlıq Qarabağ məsələsinə dair indiyə qədər qəbul edilmiş bütün qətnamələrlə müqayisədə, tamamilə aydındır ki, Elxan Süleymanovun bu təşəbbüsü, nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən güclü və ədalətli, rəsmi beynəlxalq mövqe ilə nəticələndi. Eyni zamanda 2005-ci il qətnaməsindən fərqli olaraq, 2016-cı il qətnaməsində AŞPA artıq rəsmi surətdə Azərbaycanı separatçıların “siyasi nümayəndələri” ilə əlaqələr qurmağa, “bölgənin gələcək statusunu” onlarla müzakirə etməyə və xüsusilə bunu “qeyd-şərtsiz” etməyə çağırmır. Yeni qətnamə bunu qəti qeyd etmir və təcavüzə görə tam və yeganə məsuliyyəti birmənalı şəkildə Ermənistan hakimiyyətinin üzərinə qoyur. Qısası, bu gündən etibarən yeni beynəlxalq vəziyyət belədir ki, əvvəlcədən mövcud olan 1416 (2005) saylı qətnamə ilə bərabər, indi Azərbaycan təşəbbüskarı Elxan Süleymanov olan, 2085 (2016) saylı rəsmi AŞPA nömrəsi ilə arxivləşdirilmiş və Avropa Şurası Parlament Assambleyasının ədalətli, yeni, əlavə və izahedici rəsmi mövqeyini əks etdirən yeni, çox güclü və aydın qətnaməyə güvənə bilər. Beləliklə 26 yanvar 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamə ilə, xüsusilə 4-cü paraqrafda rəsmi olaraq təsdiqləndi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini işğal altında saxlayır və Assambleya Ermənistandan dərhal öz qoşunlarını bölgədən geri çəkməsi ilə bağlı aydın tələb ifadə edir. Keçən ay ərzində bütün Ermənistan cəmiyyəti və diasporları, eləcə də siyasi və dini liderlər, media nümayəndələri, beynəlxalq vətəndaş cəmiyyəti, müxalifət partiyaları, bütöv Avropa və ABŞ-dakı bütün diplomatları çox kiçik, lakin çox cəsarətli ölkə olan Azərbaycan xalqının nümayəndəsi Elxan Süleymanov tərəfindən təşəbbüsü irəli sürülmüş bu məruzələrə qarşı səfərbər oldu. Birdən, lakin gözlənilən şəkildə Elxan Süleymanov başa düşdü ki, ədalətə çağırış etməklə, o, demək olar ki, bütün dünyaya meydan oxuyub və Azərbaycan üçün qələbə heç vaxt bu qədər qeyri-müəyyən olmayıb. Bundan əlavə, rəsmi Azərbaycan tərəfinin, hətta bu vətənpərvərlik döyüşünə az diqqət göstərmiş peşəkar azərbaycanlı diplomatların dəstəyi olduqca əbəs və faydasız idi. Bununla belə, 26 yanvar 2016-cı ildə, günorta radələrində yekun səsvermənin nəticəsi 200-dən çox deputatın həmin səsvermədə iştirak etdiyi Plenar İclasda böyük ekranlarda işıqlandırıldı. Qətnamə böyük əksəriyyətlə qəbul edildi və qələbə, nəhayət, qəti surətdə təsdiqləndi. Onun ürəyi sevincdən uçurdu. Elxan Süleymanov dərhal ölkəsini təbrik etdi və Parlament Assambleyasının üzvlərinə verdikləri dəstəyə görə təşəkkürünü bidirdi. 11 illik tam sükutdan sonra Azərbaycan üçün 2005-ci il qətnaməsinə əlavə və tamamlayıcı olaraq, yenicə qəbul edilmiş 2085 (2016) saylı bu qətnamə olduqca təqdirəlayiqdir! Eyni zamanda, bu yeni qətnamə artıq Avropanın müxtəlif tərəflərindən çoxsaylı reaksiyalara məruz qalır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının son iki ildə yenidən beynəlxalq ictimaiyyətin tam diqqətinə çatdırılması və xüsusilə ATƏT Minsk qrupunun həmsədrlərinin 21 ildən bəri heç bir irəliləyiş əldə etməməsini nəzərə alaraq, bu, açıq-aşkar Azərbaycanın xeyrinə xidmət edirdi. Əslində, Elxan Süleymanovun bu təşəbbüsü davam edən ədalətsizlik barəsində beynəlxalq məlumatlılığı artırdı və sonda çox illərdən sonra bütün bunların “dondurulmuş müharibə” barəsində olmamasına aydınlıq gətirdi. Onun təşəbbüsü qətnamə ilə nəticələndi və rəsmi olaraq təsdiqləndi ki, bütün bu illərdən bəri bu, bir qonşu dövlət olan Ermənistanın bütün beynəlxalq prinsiplərin əleyhinə gedərək, silahlı təcavüz vasitəsilə digər bir qonşu dövlət olan Azərbaycan ərazilərini işğal etməsi barəsindədir. Bundan əlavə, 2085 (2016) saylı bu yeni qətnamə sayəsində beynəlxalq ictimaiyyət və xüsusilə Avropa ictimaiyyəti başa düşür ki, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın digər yeddi rayonu Ermənistanın əsassız və qeyri-qanuni silahlı işğalından əziyyət çəkir. Elxan Süleymanov bir daha Azərbaycan xalqına çoxsaylı əks, korporativ və qlobal qüvvələri məğlubiyyətə uğratmış bu mötəbər qələbə münasibətilə təbriklərini çatdırır və bu qələbəni keçmişdə bu ədalətli iş uğrunda canından keçmiş Azərbaycanın bütün qəhrəman və vətənpərvərlərinə həsr edir. O ümidvardır ki, bu qələbə Azərbaycan üçün yeni ümid olacaq və Azərbaycanın işğal altında olan bütün ərazilərinin azad edilməsinə öz töhfəsini verəcəkdir”.
please, see:
http://cxssr.org/2016/01/elkhan-suleymanov-pace-officially-identifies-armenia-as-occupying-power-of-nagorno-karabakh-and-adjacent-areas-of-azerbaijan-requests-immediate-withdrawal-of-armenian-forces-from-the-region/