Azərbaycan Nazirlər Kabineti “İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması” qaydalarını təsdiq edib. Bu haqda Trend News-a Nazirlər Kabinetindən məlumat verilib. Qaydalar Prezidentin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”na uyğun olaraq hazırlanıb və insan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması qaydalarının həyata keçirilməsi mexanizmini müəyyən edir.
Qaydalara görə, uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması könüllülük, konfidensiallıq, fərdi yanaşma, qurbanların mənafelərinin müdafiəsi, təhlükəsizliyin təmin edilməsi, bərabərlik, qurbanlara hörmət, təxirəsalınmaz yardım, yardımların pulsuz göstərilməsi prinsipləri əsasında həyata keçirilir. Kimliyindən asılı olmayaraq, sığınacağa yerləşdirilmiş bütün uşaqlara münasibətdə heç bir ayrı-seçkiliyə yol verilmir.
Sığınacağa yerləşdirilmiş hər bir uşağa və onun valideynlərinə dair məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada konfidensial saxlanılmalıdır. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Uşağın həyatı üçün təhlükə aradan qaldırılmadıqda, uşağın valideynlərinin axtarılması, yaxud barəsində qəyyumluq və ya himayənin müəyyən edilməsi üzrə tədbirlər tamamlanmadıqda, uşağın fərdi proqram üzrə reabilitasiyası başa çatmadıqda, cinayət təqibini həyata keçirən orqan tərəfindən uşağın əlavə olaraq dindirilməsinə ehtiyac olduqda, uşağın mənafeləri onun sığınacaqda qalmasını tələb edən digər hallarda müddət uzadıla bilər.
Sığınacağın rəhbəri sığınacaqda qalma müddəti bitmiş uşağın yerləşdirilməsi üçün həmin müddətin bitməsinə 10 gün qalmış Daxili İşlər Nazirliyini, uşağın hüquq və mənafelərini müdafiə edən orqanları və şəxsləri bu barədə məlumatlandırır.