Noyabrda 2700 vergi pozuntusu aşkarlanıb

Noyabr ayı ərzində Azərbaycanda əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2 705 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyindən verilən məlumata görə, 1745 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 178 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 140 vergi ödəyicisi aşkar olunub, 348 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olması faktları müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 235 vergi ödəyicisi tərəfindən 443 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 91 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı 106 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 2 798,75 min manat dəyərində 1 282 ədəd mal aşkar edilib.
Operativ nəzarət tədbirləri zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 1 mln. 87,5 min manat məbləğində maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO