“Nikolay Bordyuja Ermənistanın həyata keçirdiyi təcavüzün real nəticələrini örtmək məqsədinə xidmət edir “

Ramil Səfərovun ekstradisiyası, həmçinin sonradan əfv edilməsi, Konstitusiyaya və Azərbaycan Respublikasının başqa qanunverici aktlarına, beynəlxalq öhdəliklərə, həmçinin 1983-cü ilin ittiham edilmiş şəxslərin ekstradisiyası haqqında Avropa Şurasının Konvensiyasının müddəaları, xüsusilə də bu Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq edilib. Bu maddəyə görə, «hər iki tərəf qüvvədə olan Konstitusiyaya və ya başqa hüquq aktlarına uyğun olaraq amnistiya, əfvetmə və ya cəza müddətinin azaltmasını elan edə bilər». APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov KTMT-nin Baş katibi Nikolay Bordyujanın bəyanatını şərh edərək bildirib.
Onun sözlərinə görə, «təəssüf ki, bilavasitə hüquqla nizamlanan məsələyə konyuktur yanaşma ilə üzləşilir».
«Bununla bağlı cənab Nikolay Bordyuja və başqalarının bu məsələni siyasiləşdirmək cəhdləri Ermənistanın xarici qüvvələrinin dəstəyi ilə həyata keçirdiyi təcavüzün və ağır cinayətlərin real nəticələrini örtmək kimi uzağagedən məqsədlərə xidmət edirlər. Hamıya yaxşı məlumdur ki, bu günə kimi davam edən, Azərbaycan ərazisinin işğalı, öz evlərindən milyondan artıq insanın sürgün edilməsi, etnik təmizləmə və cəzasız qalmış bir çox ağır cinayətlərlə nəticələnən Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının davam edən təcavüzü regionda bitməyən gərginliyin əsas səbəbidir. Bir anda əmlaksız və sığınacaqsız qalmış, doğmaları və yaxınlarını itirmiş minlərlə sadə vətəndaşın və onlardan biri olan Ramil Səfərovun insani faciələrinin məhz bu cinayətlərdə köklərini axtarmaq lazımdır», nazir müavini qeyd edib.
«Həmçinin qeyd etmək lazımdır ki, ikili standartlar və bu cür bəyanatlar təcavüzü təşviq edirlər, düşmənçiliyi qızışdırırlar və Ermənistan-Azərbaycan münaqişəsinin sülh nizamlanmasına mane olurlar», Xələfov deyib.
Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov cümə günü Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.
Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən ingilis dili kurslarına ezam olunmuşdu.
Fevral ayının 19-da Ramil Səfərov Azərbaycan bayrağını təhqir etdiyinə görə, kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunaraq Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Bazar ertəsi KTMT Baş katibi Nikolay Bordyuja Azərbaycan zabiti Ramil Səfərovun azad olunmasına mənfi münasibət bildirib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO