Qaydalar “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 18.3-cü maddəsinə əsasən hazırlanıb və məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydalarını müəyyən edir. Məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılır və aparılır.
Dövlət orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları komitəyə təqdim etməlidirlər. Məlumat bankı həm kağız üzərində, həm də xüsusi proqram təminatı vasitəsilə elektron formada aparılır. Məişət zorakılığı haqda məlumat bankında toplanmış məlumatların gizliliyi komitə tərəfindən təmin edilir. Məişət zorakılığına dair məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada verilməlidir. Bu barədə statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.
Nazirlər Kabineti “Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması qaydası”nı da təsdiqləyib.