Nazirlər Kabinetində Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib. Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyini bildirib.
O qeyd edib ki, ötən il Azərbaycanın Könüllü Milli Hesabatı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunub: “Bu hesabatın hazırlanmasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qrupların fəaliyyəti təqdirəlayiqdir. Həmin hesabat “Azərbaycan-2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı İnkişaf Məqsədlərinə doğru” adı ilə Azərbaycan dilinə tərcümə olunub. Bundan başqa, AZƏRTAC-ın materialları əsasında üç dildə “Dayanıqlı İnkişaf Məqsədləri: iclaslar, görüşlər, tədbirlər…” adlı kitab çap edilib”.
Milli Əlaqələndirmə Şurasının sədri bildirib ki, ötən dövr ərzində bu sahədə maarifləndirmə işləri də görülüb: “Milli Məclis ilə şura arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün müxtəlif işlər görülüb. Azərbaycan dilində “Parlamentlər və Dayanıqlı İnkişaf Məqsədləri” adlı məcmuə çap edilib. Bu nəşr Milli Məclisin üzvləri üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Ötən dövrdə şuranın katibliyi və işçi qrupları öz fəaliyyətini davam etdirib. Həmçinin BMT tərəfindən bu sahədə müxtəlif monitorinqlər aparılıb. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ildə dörd iclasının keçirilməsi məqsədəuyğundur. Bu iclaslarda monitorinq və işçi qruplarının hesabatları dinləniləcək.
Tədbirdə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə 2017-ci ildə görülmüş işlər və qarşıda duran məsələlər müzakirə edilib. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində 2016-2017-ci illərdə görülmüş işlər barədə xüsusi hesabatın xülasəsi nəzərdən keçirilib və Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.
Bundan başqa, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə göstəricilərin milliləşdirilməsi və prioritetlərin seçilməsi il bağlı cari vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Həmçinin 2019-cu ildə Yüksək Səviyyəli Siyasi Foruma Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının təqdim edilməsinə dair müzakirələr aparılıb.
Report.az