Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən daxili işlər naziri Ramil Usubov bir sıra diqqətçəkən məqamlara toxunub. Nazir ölkədə baş verən yol qəzalarında ölələrin sayının artmasından narahat olduğunu bildirib.
Onun sözlərinə görə, ötən il yol qəzalarında ölənlərin sayı 15 faiz və ya 152 nəfər artıb, yaralananların sayı 1 faiz, yaxud 34 nəfər azalıb. Paytaxt ərazisində isə qəzaların və ölənlərin sayında azalma qeydə alınıb. R.Usubov deyib ki, daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan və mahiyyətinə görə profilaktik xarakter daşıyan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müəyyən işlər görülüb.Yol hərəkətinə nəzarət prosesində 2011-ci illə müqayisədə 14% çox və ya 1.021.122 inzibati xəta müəyyən edilib. 2012-ci ildə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş 31,5 milyon manata yaxın cərimədən 99%-i ödənilib. Bununla yanaşı, nazir daha çox ölümlə nəticələnən qəzaların baş verdiyi rayonların polis idarələrinin rəislərinə xəbərdarlıq edərək, bununla bağlı tədbirlərin görülməsinə göstəriş verib. Məlumat üçün qeyd edək ki, ötən il 1168 nəfər yol qəzasında dünyasını dəyişib.
Maraqlıdır, bu sahədə çalışan QHT-lər sözügedən rayonlarda hansısa profilaktik xarakterli maarifləndirici tədbirlərin görülməsini düşünürmü?
“Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalov hesab edir ki, qəzaların daha çox baş verdiyi yollarda müəyyən qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var: “Bizi də bu məsələ həddən artıq narahat edir. Çünki qəzaların sayı bir o qədər artmayıb, amma baş verən qəzalarda ölənlərin sayı artıb. Qəzaların minimuma endirilməsi istiqamətində müəyyən işlər görürük, amma bu istiqamətdə kompleks tədbirlər həyata keçirə bilmirik. Ötən il “Təhlükəsiz Yol” Alyansı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə bir anlaşma memorandumu imzalamaq ərəfəsinə gəldi, müəyyən müzakirələr aparıldı. Ancaq təəssüflər olsun ki, anlaşma memorandumunun imzalanması baş tutmadı. İstədiyimiz kimi bu sahədə birgə işləyə bilmədik. Halbuki, birgə və kompleks şəkildə bu istiqamətdə işlərin görülməsi daha çox səmərə verə bilərdi.
Onu da qeyd edim ki, qəzaların daha çox baş verdiyi yollar var, nəinki rayonlar. Məsələn, Kürdəmir rayonunda bir yol var ki, el dilində ora “ölüm döngəsi” deyilir. Həmin yolda dəfələrlə ağır yol nəqliyyat hadisəsi baş verib. Problem ondadır ki, yolda döngə olduqca sərtdir. O üzdən, müəyyən adekvat tədbirlər görülməlidir. Maarifləndirmə işinə gəldikdə isə, biz əlimizdən gələni edirik. Avtomobilin sürətlə idarə olunması və digər neqativ hallarla bağlı həm də bir ictimai qınağın formalaşdırılmasının tərəfdarıyam.
Sözügedən məsələlərin həll olunmasında həm maarifləndirmənin, həm də ictimai qınağın formalaşdırılması ciddi rol oynaya bilər. Bir sözlə, qəzaların minimuma endirilməsi istiqamətində bütün cəmiyyətin fəallıq göstərməsinə ehtiyac var”.
online.baki-xeber.com