“Təəssüf ki, bizim müəyyən işçilər öz vəzifələrinə texniki yanaşma göstərirlər. Bu isə insanlarla aktiv işləmə vəzifəsini daşıyan insanlara xas ola bilməz. Ona görə tapşırmışıq ki, bütün vətəndaşların şikayətləri dinlənilməlidir. Bizim işlədiyimiz kontingent çox ağırdır, onlarla danışmaq bəzən çətin olur. Amma çətin olsa da, bizim vəzifəmiz bunu tələb edir”. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.
Onun sözlərinə görə, ötən il işçilər tərəfindən qeydə alınan nöqsanlarla əlaqədar kifayət qədər cəza tədbirləri görülüb, hətta prokurorluq orqanlarına müraciət edilib. Nazir onu da deyib ki, bu ildən etibarən bu tədbirlər daha ciddi olacaq.
F.Ələkbərovun sözlərinə görə, ötən il ərzində Azərbaycan Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinə 6700-ə yaxın müraciət daxil olub. Onun 70%-ə yaxını sorğu xarakterlidir: “Bu da bizi narahat edir. Nəyə görə indiyədək lazımi qurumlar əhali ilə sıx əməkdaşlıq etməyiblər ki, onlarda müəyyən sorğular yaranıb. Müraciət edənlərin bir qismi təəssüf ki, kobudluqla qarşılaşır. Müəyyən qisim əhali isə təxminən – 200 vətəndaşımız rüşvətlə qarşılaşma iddiası ilə müraciət edib. Ona görə də bütün bu məsələlərə bundan sonra fövqəladə hal kimi baxılacaq”.
F.Ələkbərov deyib ki, bəzən ünvanlı sosial yardımla bağlı aparılan araşdırmalar zamanı müraciətlərin müəyyən hissəsinin bir şəxsə məxsus olduğu müəyyən olunur. Nazir belə halların qarşısının alınacağını da söyləyib.