Nazir: Azərbaycanda iş yerlərinin azalmasına qarşı tədbirlər görüləcək

Nazir: Azərbaycanda iş yerlərinin azalmasına qarşı tədbirlər görüləcəkAzərbaycan hökuməti iş yerlərinin azalmasına yol verməmək üçün tədbirlər görəcək. Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, Azərbaycanın gəlirləri azalıb, buna görə də belə şəraitdə hökumət və əhali bütün imkanlarını səfərbər etməlidir.

S.Müslümovun sözlərinə görə, məşğulluq orqanları işin itirilməsi ilə bağlı işsizlik və ya işsiz statusu üzrə müavinətin alınmasına görə müraciətlərin necə dəyişməsini öyrənir: “Çox güman ki, ümumi mənzərə ayın sonuna bəlli olacaq”.

Onun fikrincə, iş yerlərinin azalmasına yol verməmək üçün ölkədə ümumi tələbatı artırmaq lazımdır: “Bunun üçün bank sektorunun köməyi də vacibdir. Belə şəraitdə Təhsil Nazirliyi yanında texniki peşə məktəblərinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında peşə tədris mərkəzlərinin fəaliyyətini gücləndirmək lazımdır. Vətəndaşlar bu mərkəzlərdə digər ixtisasın tədrisi üzrə 2, 3 və 6 aylıq təlimlərdən keçə bilərlər. Bu dövr ərzində vətəndaşlar müavinətlər və nəqliyyat xərcləri üçün vəsaitlər almağa davam edirlər”.

S.Müslümov əlavə edib ki, belə mərkəzlər Bakı, Gəncə, İsmayıllı və Göyçayda fəaliyyət göstərir, lakin gələcəkdə daha 6 belə mərkəzin açılması planlaşdırılır.

Nazir diqqətə çatdırıb ki, bununla yanaşı, adıçəkilən sahədə peşə standartlarının hazırlanmasını sürətləndirmək lazımdır: “Hazırda 275 standart hazırlayırıq, onların əsasında nazirlik yanında peşə hazırlığı üzrə mərkəzlərdə təhsil veriləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO