Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) dəvəti ilə Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Şahin Təhməzov, yeni inşa edilmiş Şəki Penitensiar Müəssisəsinin rəisi vəzifəsini icra edən Fazil Məmmədov, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirov, rəis müavini Mahir Əliyev və müəssisənin digər bir neçə əməkdaşından ibarət nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Almaniyanın Bruxzal şəhərində işgüzar səfərdə olublar.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Qəbul mərhələsi, diaqnostika, cəzanın icra planı və məhbuslar üçün əmək fəaliyyəti” mövzularını əhatə edən səfər proqramı çərçivəsində Penitensiar Xidmətin əməkdaşları Bruxzal şəhərindəki həbsxananın və yeni inşa edilmiş, qismən özəl olan Offenburq cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə ətraflı tanış olublar.
Şəxsiyyət pozuntularının fərdi qaydada müəyyən edilməsi və müalicəsi üzrə proqramlar, psixoloji və sosial xidmətlərin fəaliyyət istiqamətləri, cəzaların icrasının planlaşdırılması, məhbusların əmək fəaliyyəti və digər məsələlərlə bağlı alman mütəxəssislərlə fikir mübadilələri və müvafiq müzakirələr aparılıb.