NATO PA-da Dağlıq Qarabağla bağlı sənəd üzərində iş aparılır

Bu barədə millət vəkili, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı bildirib. “2010-cu il noyabrın sonlarında keçirilən Lissabon sammitində NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyi ilə bağlı öz münasibətini bildirib. Biz çalışırıq ki, NATO PA-da bu məsələyə baxılsın və müvafiq sənəd qəbul olunsun. Artıq bu sənədin üzərində iş gedir”, – İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, NATO PA-nın bütün plenar və komitə iclaslarında dolayısı ilə olsa da Dağlıq Qarabağla bağlı müzakirələr keçirilir. “Cənubi Qafqazda münaqişələrin həllində Rusiya-NATO münasibətləri və Gürcüstandakı vəziyyət müzakirə olunarkən Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunulur, çünki bu problem Cənubi Qafqaz ətrafında baş verən hadisələrə də təsir göstərir”, – millət vəkili qeyd edib.

Nümayəndə heyətinin üzvü bütün beynəlxalq təşkilatlarda qəbul olunan sənədlərdə Azərbaycanın ərazisinin Ermənistan tərəfindən işğala məruz qalmasının əks olunduğunu qeyd edərək bildirib ki, Azərbaycan NATO-nun assosiativ üzvüdür, ikitərəfli əməkdaşlıq edir və NATO PA-nın bu problemlə bağlı münasibət bildirməsinə çalışması Azərbaycanın haqqıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO