Namizədlərdən hansının şüarı daha uğurludur?

Prezidentliyə namizədlərin təbliğat kampaniyasına 9 gündür rəsmi olaraq start verilib.
Lent.az namizədlərə, namizədlərin səlahiyyətli nümayəndələrinə müraciət edərək, onlardan əsas seçki şüarının hansı olduğunu öyrənib. Daha sonra isə ekspertlərlə bu şüarlardan hansının daha uğurlu olması, plagiat halına yol verilib-verilməməsi ilə bağlı söhbətləşmişik. Beləliklə, namizədlərin əsas şüarları:

İqbal Ağazadə – Tək Ümid var!

Qulamhüseyn Əlibəyli – Hakimiyyətin islahatı bütün problemlərin həllidir!

Fuad Əliyev – Ağ göyərçinlə ağ günlərə!

İlham Əliyev – İlhamla irəli!

Hafiz Hacıyev – Mən kasıbların prezidenti olacağam!

Qüdrət Həsənquliyev – Biz bacararıq!

Fazil Qəzənfəroğlu (Mustafayev) – Halal cəmiyyət, toxunulmaz mülkiyyət, ədalətli dövlət!

Siyasi Texnoloiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov Lent.az-a deyib ki, beynəlxalq praktikaya əsasən seçicilər namizədin sloqanını (“sloqan” sözü tərcümədə müraciət, mesaj mənasını verir) onun platformasından beş dəfə daha çox oxuyurlar: “Çünki sloqan daha çox yadda qalır”.
Sloqanlarla bağlı əsas şərtlərdən birinin onun qısa və lakonik olması ilə bağlı olduğunu deyən V.Əlibəyovun sözlərinə görə, bu baxımdan İ.Əliyev və Q.Həsənquliyevin şüarları daha uğurludur: “Çünki bu sloqanlar cəmi iki sözdən ibarətdir. Onların sloqanları daha yaddaqalandır. Bu uğurlu sıraya İqbal Ağazadənin sloqanını da aid etmək olar”.
Ekspert deyib ki, Q.Həsənquliyevin sloqanı yadda saxlamaq üçün uğurlu olsa da, “Biz bacararıq” daha çox ümumiləşdirilmiş şüardır: “Bu sözləri yadda saxlayan seçici sloqanın hansı namizədə aid olduğunu unuda bilər. Bu baxımdan, İqbal Ağazadənin sloqanı daha uğurludur. Çünki sloqanda namizədin sədri olduğu partiyanın adı çəkilir”.
Mərkəz prezidentinin fikrincə, Fuad Əliyevin sloqanı maraqlı və uğurlu tapıntıdır. Lakin bu sloqanı oxuyarkən V.Əlibəyovun yadına Türkiyədə keçirilən sonuncu parlament seçkisi yadına düşüb: “Oradakı seçkilərdə hakim AKP-nin belə bir sloqanı (“Ağ əllər, ağ ellər”) var idi. Görünür, Fuad Əliyevin komandası Türkiyə təcrübəsindən istifadə edib”. Lakin ekspert deyib ki, qalib təcrübədən istifadə etmək qəbahətli saylmır.
O, digər 3 namizədin sloqanlarının zəif olduğunu deyib: “Məsələn, Qulamhüseyn Əlibəylinin sloqanı uzun, ilk baxışdan yadda qalmayan bir şüardır. Bu, konkret heç bir seçiciyə ünvanlanmamış bir şeydir. İndi seçicini hakimiyyətin islahatı yox, özünə aid problemləri maraqlandırır. Onun sloqanı daha çox siyasətlə məşğul olan və elmi auditoriyaya ünvanlanmış bir mesajdır. İnanmıram ki, Qulamhüseyn Əlibəyli bu mesajla əsas eloktoratı özünə cəlb edə bilsin”.
V.Əlibəyov deyib ki, F.Qəzənfəroğlunun sloqanındakı ideyalar və sözlər cəmiyyətdə öz əksini tapa biləcək: “Bu sözlər eyni zamanda bir neçə auditoriyaya – din adamları, kasıb zümrələr, biznes və kommersiyayla məşğul olanlara ünvanlanıb. Lakin şaxələnmiş istiqaməti götürmək sloqanı xeyli zəiflədir”.
Ekspertin fikrincə, H.Hacıyevin sloqanı kasıblara ünvanlanıb: “Ancaq bu şüar kasıbları Hafiz Hacıyevə səs verməyə sövq etmir. Belə çıxır ki, namizəd seçicilərə “siz səs versəniz də, verməsəniz də prezident olacağam, özü də kasıbların prezidenti olacağam” şüarını səsləndirir”.
Seçki Texnologiyaları İnstitutunun direktoru Şirzad Məmmədli isə Lent.az-a açıqlamasında deyib ki, prezidentliyə namizədlərin əksərinin seçki qərargahında çalışan şəxslər şüarla mesajı ayıra bilmirlər: “Şüarlara baxanda həm də o məlum olur ki, namizədlər öz hədəf qruplarını müəyyənləşdirməyiblər”.
Ş.Məmmədli deyib ki, Azərbaycandakı seçkilərdə namizədlərin xarakterik bir halı müşahidə olunur: “Hamı şairanə şüarlar yazır, qafiyə tutur. Bu isə seçicini tərpətmir, seçiciyə təsir etmir. Əslində mesaj, şüar elə seçilməlidir ki, seçicinin ürəyindən xəbər versin”.
Ekspertin qənaətincə, bütün şüarlar ümumi və mücərrəddir: “Yəni artıq ümumiləşmiş fikirlərdir”.
Ş.Məmmədli deyib ki, namizədlər arasında şüarından suallar çıxanlar da var.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO