Prezident seçkilərində iştirak edən namizədlərə təbliğat-təşviqat kampaniyası üçün dövlət büdcəsindən ayrılan pul vəsaitinin miqdarı iki dəfədən çox artırılıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsindən ümumilikdə 144 min manat pul ayrılıb. Bu vəsait isə seçkilərdə iştirak edən 7 namizədin 5-nin arasında bərabər bölünüb və bu gün onların seçki fonduna köçürülüb. Hər namizədə 28.800 manat pul düşüb. M. Pənahov ötən prezident seçkilərində iştirak edən Hafiz Hacıyev və Qüdrət Həsənquliyevin o zaman dövlət büdcəsindən aldıqları vəsaiti geri qaytarmadıqları üçün bu dəfə onlara pul verilmədiyini bildirib.