Martın 18-i keçiriləcək referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun ANS-ə eksklüziv müsahibəsi
– Məzahir müəllim, referenduma hazırsınız?
– Əlbəttə, hazırıq.
– Seçki məntəqələrinin referenduma hazır olmasını hansı kriteriyalarla müəyyənləşdirirsiniz?
– Bizim 5 min 300-dən çox məntəqəmiz var. Həmişə həmin məntəqələri yüksək səviyyədə səsvermə üçün rahat, hazırlıqlı vəziyyətə gətirmək üçün hazırlaşırıq. Biz çalışırıq ki, məntəqələrdə narahatçılıq olan xırda məqamları belə aradan qaldıraq. Məntəqələrə kifayət qədər səsvermə kabinələri quraşdırmışıq. Bu, referendum üçün əlamətdar olan məqamdır. Bilirsiniz ki, bülletenin ölçüləri böyükdür. Seçicilər 29 maddə üzrə 45 düzəlişə səs verəcəklər. Ona görə də kabinələrin sayını kifayət qədər artırmışıq. Təsəvvür edin ki, məntəqələrdə kabinələrin sayı ən az olan yerdə 4-6-dır. Bizim 50-dən başlayaraq, 1500-ə qədər seçici olan məntəqələrimiz var. 16, 18, 14 kabinə olan məntəqələrimiz çoxluq təşkil edir. Çalışırıq ki, seçicilərimiz səsverməyə gələndə heç bir problemlə üzləşməsinlər. Həm də səsvermə bülletenini atmaq üçün kifayət qədər qutular paylamışıq. Hər bir qutunun ən azı 450-500 bülleteni sərbəst tutmasına baxmayaraq, biz 1500-ə qədər seçici olan məntəqələrə 4 qutu paylamışıq. Ən az qutusu olan məntəqələrdə 4 daşınmaz qutu var. Hesab edirəm ki, bununla da bağlı heç bir problemimiz olmayacaq. Seçici siyahıları ciddi şəkildə dəfələrlə dəqiqləşdirilib, düzəlişlər aparılıb. Məntəqələr səviyyəsində çox detallı siyahılar artıq divarlardan asılıb. Seçici siyahısı çox ciddi məsələdir. Ümumilikdə, həm seçicilərimiz üçün, həm də komissiyaların normal işləməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda, şəffaflığın çox yüksək səviyyədə təşkil olunmasından ötrü bütün müraciət edən müşahidəçilər akreditasiyadan keçib. 47 mindən yuxarı müşahidəçimiz olacaq. Onların 200-ə qədəri beynəlxalq müşahidəçilərdir. Bunlar Avropa Şurasının, Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlament Assambleyasının, MDB-nin Müşahidə Missiyasının, nüfuzlu Avropa ölkələrinin parlamentlərinin, seçki üzrə ixtisaslaşmış qurumların nümayəndələridir. Seçki məntəqələrimiz səhər saat 8-də səsvermə üçün hazır olacaq. Amma 8-ə qədər məntəqə seçki komissiyaları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müəyyən addımları atmalıdırlar, hazırlıq işləri getməlidir, bəzi sənədləşmə işləri aparılmalıdır və bu sənədləşmə məsələləri də müşahidəçilərin nəzarəti altında həyata keçirilməlidir. Seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb. Məntəqələrimiz kifayət qədər abad binalarda yerləşdirilib. 500 məntəqədə veb-kameralar quraşdırılıb və Mərkəzi Seçki Komissiyasının internet xətti vasitəsilə dünya ictimaiyyətinə imkan yaradılacaq ki, həmin məntəqələrdə bütün prosesləri əvvəldən axıra qədər müşahidə etsinlər.
– Seçici aktivliyinin necə olacağını gözləyirsiniz?
– Ümumiyyətlə, son illərin statistikasına baxsaq, seçicilər kifayət qədər fəal olurlar. Əlbəttə, əsas seçkilərlə müqayisədə əlavə seçkilər olanda, müəyyən qədər fərq olur. Bu da təbiidir və bu, bütün dünyada belədir. Seçkidən seçkiyə də fərq var- prezident seçkiləri, parlament seçkiləri, bələdiyyə seçkiləri və referendum müxtəlif xarakterli seçkilər olduğuna görə burada müəyyən spesifikalar var. Amma ümumilikdə Azərbaycan seçiciləri seçkilərdə həmişə kifayət qədər fəal olublar. Baxmayaraq ki, seçkilər üçün bizdə heç bir kvorum yoxdur, tək referendum üçün 25 faizdir. Hesab edirəm ki, seçicilərimiz fəal olacaqlar. Çünki referenduma çıxarılan məsələlərə münasibətlə bağlı bizim müəyyən yerlərdə müşahidələrimiz olur. Mərkəzi Seçki Komissiyası ilə seçicilərin və müxtəlif qurumların əlaqələri demək olar ki, mütəmadi xarakter alıb. Bütün bunların nəticəsində bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, seçki fəallığı yüksək olacaq. Digər tərəfdən, Mərkəzi Seçki Komissiyası bu istiqamətdə kifayət qədər iş görüb. Milyonlarla tirajla referenduma çıxarılan məsələlərin müqayisəli mətnini, referendum aktı layihəsini dərc etmişik və hər mənzilə paylanmasını təmin etmişik. Radio-televiziyanın imkanlarından, kütləvi nəşrlərin imkanlarından geniş istifadə etmişik. Kifayət qədər maarifləndirmə işləri aparılıb və seçicilərin referendum aktına münasibətini fəallaşdırmaq üçün lazımi işlər görülüb. Eyni zamanda, 9 təşviqat qrupu qeydiyyata alınıb və onlar yerlərdə fəal işlər görüblər.
– Təşviqat kampaniyasının müddətini necə qiymətləndirirsiniz? Kampaniya artıq sona yaxınlaşır.
– Təşviqat prosesinin dinamikasına baxsaq, bu istiqamətində əldə etdiyimiz nailiyyətlər doğrudan da diqqətə layiqdir. İndiki seçici ilə 90-cı illərin axırlarındakı, 2000-ci illərin əvvəllərindəki seçiciləri müqayisə etmək olmaz. Yəni seçicilər kifayət qədər maarifləndirilmiş seçicilərdir, seçkilərə münasibətdə özlərinin obyektiv mövqeyini formalaşdırıblar. Əvvəllər seçicilər fikirləşirdilər ki, ürəklərində tutduqları kimi keçirilsə, seçkiləri yaxşı təşkil olunmuş hesab etmək olar. Amma getdikcə seçicilər başa düşür ki, dünyada belə deyil. Seçkilər çoxluğun fikrini ortaya qoymaq üçün düşünülmüş tədbirdir. Çoxluğun fikri müəyyənləşdirilsin və cəmiyyətin idarəçiliyində buna icazə verilsin. Bu, demokratiyanın əsas prinsipidir. Amma eyni zamanda, müxtəlif fikirlər varsa, onların ən zəifi belə eşidilməlidir. Artıq seçkilərə münasibət özünün fərdi seçkinin nəticəsinə olan münasibətilə formalaşmır. O nəticələri nə dərəcədə ictimai fikri düzgün əks etdirib etdirməmək baxımından formalaşdırır.
– Səsverməyə bir sutka qalmış təbliğat və təşviqat dayandırılır, sükut günü elan olunur. Bəs həmin gün boykota çağırmaq qanun-qaydaya görə qadağandırmı?
– Əlbəttə, səsvemənin nəticəsilə bağlı hansısa fikir söyləmək qəti olmaz. Ya gəlin səs verin, ya gəlin boykot edin. Çünki boykot nəticə deməkdir. Amma maarifləndirmə baxımından olar. Yəni fərz edin, biz səsvermənin nəticələrini saymaq üçün trafaret hazırlamışıq. Orada biz izah edəcəyik ki, bülletenlər trafaretin köməyilə necə çox sürətlə sayıla bilər. Bunu sonuncu gün də vermək olar.
– Səsvermə günü adını siyahıda tapmayan seçicilər nə etməlidirlər?
– Biz artıq Seçki Məcəlləsinə çox mütərəqqi dəyişiklik etdik, çox vacib maddə saldıq. Əslində bu maddə bizdə əvvəldən var idi. Sonra beynəlxalq qurumların təklifi ilə götürülmüşdü. Və vətəndaşlar məhkəmələrə müraciət etməli idilər. Amma sonradan bu, özünü doğrultmadı və yenə də beynəlxalq qurumların təklifi ilə məcəllədə dəyişiklik etdik. Əgər seçici səsvermə günü məntəqəyə gəlsə və onun qeydiyyatda olduğu məntəqədə adı olmasa, heç yerə müraciət etməyə ehtiyac yoxdur. Həmin məntəqə o dəqiqə qərar verərək şəxsin adını əlavə seçici siyahısına daxil edir və seçici səsini verir. Burada heç bir problem olmayacaq.
– Xaricdə, bizim səfirliklərdə səsvermə necə olacaq?
– Prezident seçkisində olduğu kimi, referendumda da bu və ya digər səbəbdən ölkədən kənarda olan Azərbaycan seçicilərinə səs vermək üçün şərait yaradılmalıdır. Biz, diplomatik nümayəndəliklərdə bu məsələni yüksək səviyyədə həll etmişik. Azərbaycanın hüdudlarından kənarda 40-a yaxın məntəqələrimiz fəaliyyət göstərəcək. Diplomatik nümayəndəliklərdə siyahı tərtib olunur. Şəxslər əvvəlcədən o siyahıya daxil ediliblərsə, orada səs verəcəklər. Bir də qeydiyyatdançıxma vəsiqəsi alan vətəndaşlarımız istənilən məntəqədə səs vermək hüququna malikdirlər.
– Səsvermənin nəticəsi nə vaxt bəlli olacaq və siz nə vaxt ictimaiyyəti məlumatlandıracaqsınız?
– İlkin nəticələr bir qayda olaraq səsvermə günü axşam elan olunur, hətta bələdiyyə seçkilərində gecədən keçmiş də olsa, ilkin nəticələri elan edə bilmişdik. Biz martın 18-i axşam çalışacağıq ki, ilkin nəticələri elan edək. /ANS TV/