Kollektv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvadakı son sammitində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair rəsmi bəyanat qəbul edildi. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, KTMT bəyanatının ümumi konsepsiyası üçün 3 variant mümkün idi:
“I.NATO-nun mövqeyinə bənzər mövqe. KTMT də özünü NATO tipli hərbi-siyasi ittifaq sayır. 4 sammitinin rəsmi mövqeyinə görə NATO Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında tənzimlənməsini dəstəkləyir. II.ATƏT MQ həmsədr ölkə nümayəndə heyətləri başçılarının İsveçrənin Bazel şəhərində ATƏT-in ənənəvi ministerialında qəbul etdikləri bəyanatla səsləşən variant. Yeri gəlmişkən bu mövqe ATƏT MQ həmsədr ölkə prezidentlərinin imzaladığı 5 rəsmi bəyanatla tam üst-üstə düşür. Bu sənədlərdə Hərtərəfli və ya Böyük Sülh Müqaviləsinin hazırlanmasının tezləşdirilməsinə çağırışlar mövcuddur. Rusiyalı həmsədr İ.Popov Böyük Sülh Sazişinin hazırlanmasının tezləşdirilməsinə mətbuat vasitəsi ilə dəstək verib. Avrasiya İqtisadi Birliyi Ermənistana Dağlıq Qarabağı özünün tərkib hissəsi hesab etmədiyini rəsmən təsdiqlətdirdi”.
M.Əhmədoğlu qeyd edib ki, 3-cü Yalnız Ermənistanın maraqlarına cavab verən variantdır:
“Əvvəlcə tənzimlənmə prinsipləri razılaşdırılmalı, həmin prinsipləri Dağlıq Qarabağ erməniləri qəbul etməli, sonra sənəd imzalanmalıdır. Ermənilərin tənzimlənmə prinsiplərinin razılaşdırılması və imzalanması mövqeyinin əsl mahiyyəti budur. KTMT öz bəyanatı üçün əsas kimi yalnız Ermənistanın maraqlarına cavab verən variantı seçdi. KTMT-nin ermənilərin maraqlarına uyğun bəyanat verməsi Ermənistan işğalçılığının KTMT tərəfindən dəstəklənməsi anlamındadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağını və Azərbaycanın əlavə yeddi rayonunu işğal edib. Ermənistan KTMT-nin imkanlarından öz işğalçılığını davam etdirmək üçün istifadə edir. KTMT öz üzvü olan Ermənistana Azərbaycan ərazisində ordu saxlamağına heç vaxt irad bildirməyib. Ermənistan zaman-zaman KTMT-nin adından Azərbaycanı hədələyib. KTMT üzv dövlətinin bu mövqeyi qarşısında da susub. Belə olan halda məntiqi mövqe ortalığa çıxır: Ermənistan Azərbaycan torpaqlarını ya KTMT ilə birlikdə şərikli işğal edib və şərikli olaraq işğalda saxlayır. Və ya ümumiyyətlə Azərbaycanın torpaqlarını Ermənistan deyil, KTMT işğal edib. KTMT indiki məsuliyyətli dövrdə Azərbaycan torpaqlarının işğalında iştirakına, bu işğalı dəstəkləməsinə aydınlıq gətirməlidir. Gələcəkdə KTMT üzv dövlətlərin xarici siyasətlərinin koordinasiyası ilə də məşğul olacaq. Hər halda biz bu məsələni daimi diqqətdə saxlamağa məcburuq”.
Politoloq əlavə edib ki, maraqlı müqayisə var: “NATO Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan belə NATO ilə əməkdaşlığa can atır. Rəsmi Yerevan NATO ilə əlaqələri kəsmək barədə KTMT-nin iki qərarını rədd etdi. Görünür, əsas fərq KTMT-nin baş katibi N.Bordyujanın şəxsiyyətindədir. Ermənilər əvvəlcə şəxsiyyət olaraq N.Bordyujanı alçaldıblar, ardınca da KTMT-ni ələ salırlar”.
Trend.az