Mübariz Əhmədoğlu: Ermənistan Dağlıq Qarabağ məsələsində Rusiyaya irad tutduqlarını Qərbə bağışlayır


“Ermənistan və ona rəhbərlik edən Qarabağ klanı üçün Dağlıq Qarabağ məsələsinin Rusiya Federasiyasından və Qərbdən görüntüləri fərqlənir”. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Ermənistan Dağlıq Qarabağ məsələsində Rusiyaya irad tutduqlarını Qərbə bağışlayır. Ən azı, iki rəsmi, fundamental məsələ bunu göstərir: “NATO və KTMT-nin Dağlıq Qarabağ tənzimlənməsində münasibətləri daban-dabana ziddir. NATO MDB məkanındakı münaqişələrin (Dağlıq Qarabağ bu münaqişələrdən biridir) Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın müstəqilliyi, dövlət suverenliyi və ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsinin tərəfdarıdır. NATO son dörd sammitdə bunu rəsmi şəkildə təsdiqləyib. Konkretləşdirək: NATO Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında, dinc yolla tənzimlənməsinin tərəfdarıdır. KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair bir dənə də olsun belə aydın rəsmi mövqeyi yoxdur.

Ermənistan NATO və KTMT-yə münasibətlərində paradoksal mövqe nümayiş etdirir. KTMT iki dəfə NATO ilə əməkdaşlığı dayandırmaq barədə rəsmi qərar qəbul edib. Hər iki qərarı KTMT üzvü Ermənistanın Xarici İşlər və Müdafiə Nazirlikləri rəsmən inkar ediblər. Rəsmi Yerevan Dağlıq Qarabağ tənzimlənməsində ən azı, ümumi halda onu müdafiə edən KTMT-nin qərarını inkar edir. Rəsmi Yerevan Dağlıq Qarabağ tənzimlənməsində onun mövqeyinin əleyhinə gedən NATO ilə əməkdaşlığa prioritet verir. KTMT-nin NATO ilə əlaqələri kəsmək qərarından sonra Ermənistan NATO ilə əməkdaşlığa xüsusi aktivlik qatıb. S.Ohanyan NATO-nun hərbi qərargahı yerləşən Belçikanın Mons şəhərində NATO-da ABŞ kuratorları olan A.Verşbou və F.Bridlavla regional təhlükəsizlik məsələlərində Ermənistan-NATO əməkdaşlığının inkişafı mövzusunu müzakirə etdi. NATO rəhbərliyində ən qatı antirusiya mövqeyində dayanan da A.Verşbou və F.Bridlavdır”.

M.Əhmədoğlunun fikrincə, ikincisi, Dağlıq Qarabağ tənzimlənməsinə Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqının münasibəti təxminən eynidir: “Həm Aİİ, həm də Aİ üçün “Ermənistan” anlayışı beynəlxalq aləmdə tanınmış sərhədlərin hüdudlarındadır. Ermənistan özünü Rusiyadan narazı kimi aparır. Əsas səbəb kimi Rusiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana silah satması, Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi qurulmasını tələb etməsi göstərilir.

Bütün Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyün rəsmi şəkildə təsdiqləyiblər. NATO üzvü olan Fransanın Azərbaycana satdığı kosmik peyk Azərbaycanın işğal olunmuş ərazilərindən onlayn görüntülər yaymaq imkanı verir. Belə olan təqdirdə, Ermənistanın Qərbdən deyil, Rusiyadan narazılıq bildirməsi erməni xalqının ictimai şüurundan irəli gələn məsələdir. Erməni ictimai şüuru Rusiyanı ləyaqətsiz, hörmətsiz hesab edib və indi də belə hesab edir”.

Politoloq deyib ki, Ermənistan Prezidenti S.Sarkisyan V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində RF-nin xüsusi statusuna dair təklifini rədd etdi: “S.Sarkisyan Şimali Qafqazla bağlı Qərbin planlarından ən məlumatlı şəxsdir. S.Sarkisyan çərkəz soyqırımının tanınmasına ermənivari göstəriş vermiş liderdir.

“Dağlıq Qarabağ məhkəməsinin” Dilqəm Əsgərova girovluq yoldaşı Şahbaz Quliyevə nisbətən daha ağır cəza verməsinin səbəbi D.Əsgərovun RF vətəndaşı olmasıdır.

S.Sarkisyan üçün Dağlıq Qarabağ torpağı həqiqətən erməni torpağı olsaydı, o, Dağlıq Qarabağ məsələsində Qərbin də mövqeyinə kəskin reaksiya verməli idi. S.Sarkisyan üçün indi Qarabağ məsələsi sövdələşmə predmetidir. S.Sarkisyan başda olmaqla, Qarabağ klanının niyyətini başa düşmək çətin deyil: Rusiya ilə Qərb arasında qarşıdurma yaratmaqla Ermənistan çox böyük geosiyasi və geoiqtisadi resurs əldə edir. Bu resurs, hətta Qarabağı Ermənistana verə, ona əlavə torpaqlar da gətirə, ermənilərə regionda xüsusi status verə bilər. Hər halda S.Sarkisyan məhz bu niyyətlə Qərbin Qarabağla bağlı antierməni mövqeyinə dözür, ona tərəf qaçır. Qərblə əməkdaşlıq edib, Rusiyanı içəridən çökdürmək istəyir. Qarabağ məsələsi S.Sarkisyana Qərbə qaçmaq üçün tramplin rolunu oynayır.

Ermənilərin Rusiyanın daxilindəki imkanları hədsiz güclüdür. Bu səbəbdən də Qərb ermənilərin antirusiya mahiyyətinə inanır və onları dəstəkləyir. Zaman keçdikcə, ermənilərin Rusiyanın daxilində yeni maraq dairələri yaratmasına dair faktlar üzə çıxır: Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktorunun yeni müavini, müdafiə tədqiqatları mərkəzinin rəhbəri Q.Tişenko Ermənistan-Qərb əlaqələrini bir neçə dəfə əsaslandırıb. Bu əsaslandırma məhz Ermənistanın Rus dövlətinə qarşı xəyanətkar mövqeyindən ermənilərin maraqlarına uyğun əsaslandırmadır. Rusiya Strateji Tədqiqatlar İnstitutu sanki qanmazlar toplumuna çevrilib. Ermənistanın Aİİ-yə üzvlüyü ilə bağlı ABŞ-ın rəsmi mövqeyi hər şeyi göstərdi: Ermənistan Aİİ-yə üzv olduqdan sonra da ABŞ məhz Ermənistanın özü istədiyi şəkildə də Ermənistanla əməkdaşlıq edəcək. Ancaq ABŞ-ın Qırğızıstandakı səfiri bu ölkənin Aİİ-yə üzvlüyünü ÜTT-yə zidd adlandırır.

Ermənistan Aİİ-yə üzv olduqdan sonra, onun indiki konfliktogen resurslara söykənən oyunları Rusiyanı çökdürə bilər, amma bu oyunlardan Qazaxıstan və Belarus da əziyyət çəkə bilər. Hər-halda Cənubi Qafqaz regionu və ümumilikdə Qafqaz böyük gərginlik qarşısındadır. Qafqazda təhlükəsizliyə risklərin artması ilə Qarabağ klanının özünü optimist-aktiv aparmaları düz mütənasibdir. Görünür, ermənilər qan qoxusunu və özlərinə çatacaq payı hiss edilər. Ancaq böyük ehtimalla bu, tərsinə olacaq. Ermənilər bütövlükdə Qafqazdakı mövqelərini itirəcəklər”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO