Azərbaycanın 12 bölgəsinin – 9 rayon və 3 şəhərinin diaqnostik qiymətləndirmədən keçən və yanvarın 1-dən maaşları artırılan müəllimlərin əməkhaqlarının artırılması üçün dövlət büdcəsindən ayrılacaq maliyyə vəsaitinin məbləği açıqlanıb.
Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov Trend-ə bildirib ki, bu məqsədlə dövlət büdcəsindən cari il ərzində əlavə olaraq 50 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
R.Orucov müəllimlərin maaşlarına artımları yanvarın sonunda, fevralın əvvəlində ala biləcəklərini deyib.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev Trend-ə bildirmişdi ki, əməkhaqlarının artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək. Əməkhaqları 30-40 faiz artırılacaq. Əməkhaqları daha çox, yəni 40 faiz artırılanlar pedaqoji stajı çox, fəxri adları olan müəllimlər olacaqlar.
İ.Nağıyevin sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında ölkənin 12 rayon və şəhərində keçirilən diaqnostik qiymətləndirmədə 25 693 müəllim iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndirmədən keçə bilməyib. Buna görə də həmin müəllimlərin əməkhaqları yanvar ayından artırılmayacaq.