Azərbaycan Mətbuat Şurasında Şuranın və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) həyata keçirdiyi proqram çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli jurnalistlərlə görüş keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, öncə görüş iştirakçıları Xocalıda qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Xocalı qurbanlarının anım tədbirləri ilə əlaqədar ölkəmizə gəlmiş türkiyəli qonaqlar dünən Quba rayonundakı tarixi kütləvi məzarlığı ziyarət ediblər.
“Onlar həmçinin bu gün səhər Xocalı faciəsi qurbanları ilə bağlı ucaldılmış abidəyə baş çəkiblər. Ümumən səfər Xocalı həqiqətlərinin Türkiyə mediasında daha yaxından işıqlandırılmasına dəstək göstərmək məqsədi daşıyır. Əlbəttə, qardaş Türkiyə Azərbaycanın düçar olduğu bəlalara həmişə həssas münasibət göstərib. İstərdik ki, bu meyl daha da güclənsin. Mövcud istiqamətdə Türkiyə mediasının rolu böyükdür. Dünyada aparıcı olan və spesifik cəhətləri ilə fərqlənən Türkiyənin kütləvi informasiya vasitələrindən təkcə Xocalı dəhşətini deyil, ümumilikdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq faktını, ümumilikdə türk dünyasına yönələn soyqırımı siyasətini bütün çalarları ilə təqdim etməsini gözləyirik. Əminəm ki, səfər bu baxımdan əhəmiyyətli olacaqdır”, – Amaşov deyib.
“Todays Zaman” qəzetinin baş redaktor müavini Cəlil Sağır Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirərək Azərbaycan-Türkiyə media əməkdaşlığının özünü xüsusən də Xocalı soyqırımı kimi taleyüklü məsələlərə münasibətdə göstərməsinin vacibliyini önə çəkib.
O, ikitərəfli əlaqələrin möhkəmlənməsinin ümumən türk dünyası ilə bağlı proseslərə dəstək baxımından vacibliyini önə çəkib, bu əlaqələrin güc faktoru kimi çıxış edə bilmə imkanlarını yüksəltdiyini vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Xocalı soyqırımını ümumilikdə türk dünyasına qarşı törədilmiş vandalizm aktı kimi dəyərləndirib. Diqqəti Türkiyə mətbuatının öncül mövqeyinə yönəldən baş redaktor orada Azərbaycanla bağlı informasiyaların daha çox yer almasının vacibliyindən bəhs edib.
“Azərbaycanla Türkiyə arasında iqtisadi, siyasi və eləcə də bir çox digər sahələrdə münasibətlər yüksələn xətlə inkişafdadır. İstərdik ki, mövcud meyl özünü media sektorunda da göstərsin”, – Babaoğlu deyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də çıxışında Azərbaycan və Türkiyə arasındakı media sahəsi ilə bağlı əlaqələrdən söhbət açıb.
“Son zamanlar mövcud istiqamətdə müəyyən irəliləyişlər də nəzərə çarpmaqdadır. 2011-ci ilin sonunda Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu keçirildi. Ondan öncə oxşar tədbir Ankarada baş tutmuşdu. Hər iki toplantıda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin yaradılması istiqamətində əhəmiyyətli addımlar atıldı və bu qurum formalaşdırıldı. İndi çalışmaq lazımdır ki, həmin təşkilat çərçivəsində əməkdaşlığımız genişlənsin. O zaman bir çox məsələlərə olduğu kimi, türk dünyası ilə bağlı faciəli məqamlara da müştərək reaksiyamız tutarlı alınacaq”, – deyə o vurğulayıb.
“Kanaltürk” telekanalının xəbər müdiri Ərkan Akkus 21 il öncə baş vermiş Xocalı faciəsinin dünyaya çatdırılması ilə əlaqədar işlərin yalnız indi-indi sistemli xarakter almağa başladığını bildirib.
“Halbuki ermənilər baş verməsi dünya miqyasında da şübhəylə qarşılanan bir hadisəylə bağlı fəallıq göstərirlər. Soyqrıma dair filmlər çəkirlər. Xocalı isə canlı olaraq kadrlara, fotolentlərə həkk olmuş vəhşətdir. Türk milləti ümumən hisslərə qapılan bir millətdir. Bu kimi məsələlərdə hislərə dalmaqdansa, daha çox iş görülməlidir”, – Akkus deyib.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Xocalı faciəsində, ümumən Azərbaycanın torpaqlarının işğalı məsələsində hər şey bəllidir. İşğalçı da, işğal faktı da. İndiki durumda buna mütəşəkkil şəkildə reaksiya verilməsi zəruridir. Reaksiya isə onu umduqlarımızdan olmalıdır. Bu mənada Türkiyə ictimaiyyəti da, Türkiyə mediası da fəallıq göstərməlidir.
MŞ İdarə Heyətinin üzvü, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı çıxışında istər Azərbaycan, istərsə də Türkiyə mediası üçün xarakterik cəhətlərə diqqət çəkərək onların ortaq əhəmiyyət daşıyan proseslərə reaksiyasının əhəmiyyətliliyini, mövcud istiqamətdə sistemli fəaliyyətin qurulmasının zəruriliyini əsaslandırıb.
MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid medianın iki xalq arasında qardaşlıq əlaqələrinin yüksələn xətlə inkişafına dəstək göstərməsinin vacibliyinə toxunaraq qeyd edib ki, bəzən hansısa küskünlüklərin yaranmasını səmimi qarşılamaq, başlanılmış işlərin icrasında ruhdan düşməmək vacibdir.
MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Türkiyənin tanınmış, ictimai rəyə təsir göstərən KİV-lərinin nümayəndələrinin Azərbaycana xüsusən də Xocalı soyqırımı kimi taleyüklü hadisənin ildönümündə təşrif buyurmasını dost, qardaş və həmkar dəstəyi kimi dəyərləndirib. Belə səfərlərin mütəmadi xarakter daşıdığını bildirərək TİKA rəhbərliyinə göstərdiyi təşəbbücə görə təşəkkürünü bildirib.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Türkiyə və Azərbaycan cəmiyyətlərinin bir-birinə daha yaxından tanıdılmasına ehtiyacın duyulduğunu bildirib. “Hesab edirəm ki, bu cəhət müşrətək səciyyə daşıyan problemlərə birgə münasibətimizin mütəşəkkil alınmasında vacib həlqəni təşkil edir. Zənnimcə, Türkiyə dövləti türk dünyası ilə bağlı məsələlərə daha həssas münasibət göstərir. Eyni münasibəti qardaş ölkənin mediasından da umuruq”, – Rəhimzadə deyib.
TİKA-nın Orta Asya və Qafqaz dairə rəhbəri Ali Özgün Öztürk TİKA-nın Xocalı faciəsi kimi həssas mövzunun təqdimatının peşəkar jurnalist, yazar, dünya miqyasında tanınan KİV tərəfindən həyata keçirilməsini ortaq türk mənfəətlərinin ifadəsinə dəstək nöqteyi-nəzərdən önəmli sayıb və qurumun mövcud istiqamətdəki təşəbbüslərinin davamlı xarakter daşıyacağını deyib.
Ümumi müzakirələr gedişində Xocalı dəhşətlərinin dünyanın media ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti müxtəlif faktlarla əsaslandırılıb. Bildirilib ki, hazırda həmin dəhşətli anlara şahidlik etmiş xocalılıların müəyyən hissəsi qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır. Onlar hər gün doğmalarının, yaxınlarının, dostlarının amansızcasına qətlə yetirilməsi səhnəsini təsəvvürlərinə gətirərək ömür sürməyə məhkumdurlar. Ümid edirlər ki, dünya birliyi üzləşdikləri soyqırıma layiqli qiymət verəcək, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş misilsiz vandalizm aktı ilə bağlı beynəlxalq ictimaiyyətin vahid və obyektiv mövqeyi ortaya qoyulacaqdır.
Tədbirdə eyni zamanda vurğulanıb ki, dünyanın sülh və barış mühitində, əminamanlıq şəraitində yaşaması humanizm dəyərlərinin təntənəsi baxımından vacibdir. Harada, hansı şəraitdə baş verməsindən asılı olmayaraq soyqırımı aktları insanlığa yaraşmır. Onları həyata keçirənlərin əməlləri qətiyyətlə pislənilməlidir. Digər xalqların və millətlərin də Xocalı sakinləri kimi acınacaqlı tale ilə üzləşməmələri üçün dünya birliyinə Azərbaycan xalqının timsalında türk dünyasının haqq səsinə səs vermək ruhlu çağırşlar ünvanlanmalıdır.