Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda prezidentliyə namizəd Hafiz Hacıyev və Fuad Əliyevin vəkillərinin təyin olunması ilə bağlı müraciətə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, H. Hacıyev özünə 40, F. Əliyev isə 30 vəkil təyin edib. Hər iki namizədin vəkilləri MSK-da qeydiyyata alınıb. MSK üzvü Akif Qurbanov isə MSK-da məşvərətçi səs hüquqlu üzvlərin vəkil kimi qeydə alınmasının doğru olmadığını qeyd edib: “Doğrudur, bununla bağlı qanunda hər hansı qadağa yoxdur. Amma məşvərətçi səs hüquqlu üzvlə vəkilin səlahiyyətləri fərqlidir”. MSK-nın sədri Məzahir Pənahov isə qadağının olmadığını əsas gətirib və buna görə də məşvərətçi səs hüquqlu üzvlərin vəkil kimi qeydə alınmasından imtinaya əsasın olmadığını vurğulayıb.