Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ilə bağlı oktyabrın 21-də Fransanın Bakıdakı Səfirliyi tərəfindən Avropa İttifaqının Prezidentliyi adından yaydığı bəyanata cavab olaraq bu gün bəyanatla çıxış edib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda MSK rəhbərliyi Avropa İttifaqı Prezidentliyinin bu mövqeyindən təəssüfləndiyini bildirib, Azərbaycanda keçirilmiş prezident seçkilərini 50.000-ə qədər yerli, 100-dən çox beynəlxalq nüfuzlu qurumları təmsil edən 1250 beynəlxalq müşahidəçi izlədiyini vurğulayıb. Bəyanatda seçkilərin yekunları ilə bağlı ATƏT-in, Avropa Şurasının və Avropa Parlamentinin 2008-ci il oktyabrın 16-da yayılmış ilkin rəyində seçkilərin ATƏT və Avropa Şurası qarşısında olan öhdəliklərə və digər beynəlxalq standartlara cavab verməkdə əhəmiyyətli tərəqqi nümayiş etdirildiyinin qeyd olunduğu xatırladılıb: “Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Andres Herkel keçən seçkilərlə müqayisədə bu il keçirilən prezident seçkilərində seçkilərin idarə edilməsində gözə çarpacaq dərəcədə irəliləyişlər olduğunu bildirib. Avropa Şurası Nazirlər Komitəsinin sədri Karl Bildt müxalifətin bir hissəsinin seçkilərə qatılmamasından təəssüflənsə də, qeyd edib ki, “seçkilərin keçirilməsi zamanı qeydə alınmış müsbət irəliləyişləri alqışlayırıq”. MSK təəccüblənir ki, Avropa İttifaqının Prezidentliyi adından yayılmış bəyanatda adları çəkilən və digər beynəlxalq qurumların seçkilərlə bütövlükdə və eyni zamanda seçkilərin ayrı-ayrı aspektləri ilə bağlı hesabatlarında rast gəlinməyən “seçkilər beynəlxalq standartlara cavab vermir” ifadəsi işlənib. Xatırlatmaq istəyirik ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solana prezident seçkiləri ilə bağlı bəyanatında seçkilərin sakit şəraitdə, heç bir qanun pozuntusuna yol verilmədən və yaxşı təşkil olunmuş şəkildə keçdiyini qeyd edərək bildirib ki, “müxalifətdən olan namizədlər üçün daha ədalətli şərait yaradılması məni razı salıb”. Avropa İttifaqı Avropa Komissiyasının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə ali komissarı Benita Ferrero-Valdner ATƏT-in seçkilərdə qeydə aldığı tərəqqini alqışlayıb və eyni zamanda, müxalifətdən olan namizədlərin seçkilərdə iştirakı üçün daha yaxşı şəraitin yaradılmasını müsbət qiymətləndirib. Beləliklə, Avropa İttifaqı Prezidentliyinin yaydığı bəyanat mahiyyət etıbarı ilə əsasları məlum olmayan səbəblərdən bir tərəfdən prezident seçkilərini izləmiş çoxminli müşahidəçilər korpusunun, digər tərəfdən isə Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin mövqeyinin üstündən qara xətt çəkir”. MSK hesab edir ki, bu ilin əvvəllərində qonşu ölkələrdə keçirilən seçkilərlə bağlı Avropa İttifaqı tərəfindən göndərilən təbrik məktubları ilə müqayisədə Azərbaycanda keçirilən seçkilərə aid bu mövqe ən azı anlaşılan deyil: “Azərbaycanda keçirilmiş prezident seçkilərinə Avropa İttifaqı Prezidentliyinin bu cür mövqeyi Azərbaycan seçicilərinin iradəsinə hörmətsizlik nümayiş etdirdiyinə görə bizdə dərin təəssüf hissi doğurmaya bilməz”.