Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın 2008-ci il 30 dekabr və 2009-cu il 8 yanvar tarixli iclaslarının protokolları təsdiq edilmişdir. Sonra MSK-nın katibi Natiq Məmmədov referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, təqdim edilmiş imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən olunmuşdur. Komissiya bu təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında bəzi normativ xarakterli aktların layihələri təsdiqlənmişdir.
İclasda seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı barədə də qərar qəbul olunmuşdur.
Bundan əlavə, MSK səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni və formasını təsdiq etmişdir. Bildirişlərin sayı 5 000 000 ədəd müəyyən edilərək, onların Milli Məclis Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanması qərara alınmışdır.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.