MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLİB

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLİBMəzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə “Hüquq və demokratiya” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilmişdir. Komissiya həmin təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. Bununla da Mərkəzi Seçki Komissiyasında təşviqat qrupu kimi qeydə alınmış təşəbbüs qruplarının sayı 4-ə çatmışdır. Ümumilikdə, Mərkəzi Seçki Komissiyasına referendum üzrə 14 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüşlər. Həmin qruplardan 13-ü imza vərəqələrini qanunla müəyyən olunmuş müddətdə MSK-ya təqdim etmişdir. Təşəbbüs qruplarından biri – “Demokratik Azərbaycan Dünyası” təşəbbüs qrupu referendumda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunu dəstəkləyəcəyini bildirmiş və imza vərəqələrini Komissiyaya qaytarmamışdır. Dairə seçki komissiyalarına isə referendum üzrə 125 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüş və həmin qrupların hamısı fevralın 1-dək imza vərəqələrini və təşviqat qrupu kimi qeydə alınmaq üçün lazım olan digər sənədləri təqdim etmişlər. Bu günədək 120 təşəbbüs qrupu DSK-lar tərəfindən referendum üzrə təşviqat qrupu kimi qeydə alınmışdır.
Mərkəzi Seçki Komissiyası 18 saylı Nərimanov–Nizami, 83 saylı Ağcabədi–Ağdam, 93 saylı Bərdə şəhər və 124 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin, ABŞ Milli Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. (AzərTAc)

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO