Prezident İlham Əliyev iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipinin tətbiqinə yönəlik fərman imzalayıb.
Fərmanla miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə olunur.
İ.Əliyev Dövlət Miqrasiya Xidmətinə bu vəzifələrin yerinə yetirilməsini tapşırıb:
– əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu;
– əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu və öz rəyi ilə birgə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi;
– əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi;
– Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması;
– Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsi;
– Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması;
– Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması;
– Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş icazələr və həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında məlumatların «Giriş-Çıxış və Qeydiyyat» İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə ötürülməsi.
Dövlət başçıçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dövlət Miqrasiya Xidmətindən daxil olmuş sənədlər əsasında 7 gün müddətində Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilib-verilməməsi ilə bağlı qərarların qəbul edilməsini və xidmətə təqdim olunmasını tapşırıb.
Fərmanla bunlar da müəyyən edilib:
– əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində baxılır;
– miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər;
– xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatını Xarici İşlər Nazirliyi aparır.
«Media forum»