Livanın terrorçu “Hizbullah” hərəkatının terrorçuları Suriyanın heç bir günahı olmayan minlərlə dinc sakininin ölümünə görə məsuliyyət daşıyır. Trend xəbəbr verir ki, bu barədə “Haber7” telekanalı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya istinadən bildirib.
Onun sözlərinə görə, Suriya rejimini dəstəkləyən məhz “Hizbullah” hərəkatı 200 mindən artıq insanın ölümünə səbəbkar olub.
Nazir qeyd edib ki, “Hizbullah”ın Türkiyəni terrorizmi dəstəkləməkdə günahlandırmağa haqqı yoxdur.
Ötən gün Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah Türkiyəni Suriyadakı terrorçuları dəstəkləməkdə ittiham edib.
Bir müddət əvvəl o, hərəkatın bundan sonra da Suriya hakimiyyətini üsyançılarla mübarizədə dəstəkləyəcəyini bəyan etmişdi.
Bu bəyanatdan dərhal sonra suriyalı müxaliflər Beyrutun şiə məhəllələrini atəşə tutublar və Livandakı digər obyektlərə də zərbə endirəcəklərini vəd ediblər. Suriyalı üsyançılar Livan hökumətindən “Hizbullah”ın müxalifətə qarşı fəaliyyətinə son qoymasını tələb ediblər.
Bu arada “Hizbullah”ın üzvləri Suriya ərazisini tərk etməyəcəklərini bəyan ediblər.
Trend.az