Moskvada “Azərbaycan 2008-ci ildə – Prezident Seçkiləri və Xarici Siyasət Strategiyasi” mövzusunda dəyirmi masa keçirilib

Moskvada “Yedinstvo vo imya Rossii” (“Rusiya naminə birlik”) Fondunun və “Strategiya Rossii” (“Rusiyanın strategiyası”) jurnalının təşkilatçılığı ilə “Azərbaycan 2008-ci ildə – prezident seçkiləri və xarici siyasət strategiyası” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Elxan Nuriyev, Rusiya politoloqları və ekspertləri, deputatlar, iqtisadçılar və ictimai xadimlər, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri iştirak ediblər.
İclası açan Rusiyanın tanınmış politoloqu, “Yedinstvo vo imya Rossii” Fondunun prezidenti Vyaçeslav Nikonov Rusiya ictimaiyyətinin regionda inamla irəliləyən və hətta seçkiqabağı dövrdə də ictimai-siyasi vəziyyətin sabit olduğu bir ölkə kimi Azərbaycana xüsusi marağını vurğulayıb.
Sonra əsas məruzə ilə çıxış edən Elxan Nuriyev ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən ətraflı söhbət açaraq bildirib ki, öz milli maraqlarından çıxış edən Azərbaycanın siyasətini regionda və bütövlükdə dünyada əməkdaşlığa və təhlükəsizliyə yönəldilmiş çoxşaxəli siyasət kimi səciyyələndirmək olar. O, Rusiya-Azərbaycan münasibətlərinin hazırda strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirmiş, bunun hər iki dövlətin başçıları tərəfindən dəfələrlə təsdiqləndiyini vurğulayıb.
Məruzəçi diqqəti Azərbaycanın demokratik proseslərin inkişafı sahəsində dünya birliyi tərəfindən müəyyən olunmuş demokratik prinsiplərə sadiqliyini tam təsdiq edən nailiyyətlərinə yönəldib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün ağır nəticələrindən söhbət açmış, iqtisadiyyatın bütün sahələrində yüksək artım və inkişaf nümayiş etdirən ölkəmizin iqtisadi siyasəti barədə ətraflı məlumat verib.
Rusiya politoloqları isə öz çıxışlarında Azərbaycanın beynəlxalq məsələlərlə bağlı siyasətinin ölçülüb-biçilmiş olduğunu, praqmatik səciyyə daşıdığını ölkədə uzun illər böyük ictimai-siyasi sabitliyi təmin edən düşünülmüş daxili siyasət kursunun həyata keçirildiyini xüsusi vurğulayıblar.
Politoloq Aleksandr Karavayev qeyd edib ki, Azərbaycan Qərbə inteqrasiya edərək, Rusiya ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayan və öz milli maraqlarından çıxış edərək, müstəqil və uğurlu siyasət yeridən yeganə olkədir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO