MƏNZİL MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMİŞDİR

MƏNZİL MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMİŞDİRAzərbaycan Respublikasının Mənzil Məcəlləsinin 100-dən çox maddəsinə əlavələr və dəyişikliklər edilmiş, sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.
Bu barədə, Milli Məclisin sosial siyasət, iqtisadi siyasət, insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının fevralın 3-də keçirilmiş birgə iclasında Məcəllənin layihəsinin ikinci oxunuş müzakirəsi zamanı məlumat verilmişdir.
Parlamentin sosial siyasət dami komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, bu Məcəllə ölkədə vətəndaşların mənzil problemlərinin həllini asanlaşdıracaq, dövlətin, bələdiyyələrin və özəl sektorun bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcəkdir. Komissiyaların birgə iclasının keçirilməsinin əsas məqsədi vətəndaşların hüquqlarını müdafiə edəcək yekdil sənəd hazırlamaqdır.
Sonra hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov sənədlə bağlı ətraflı məlumat vermişdir. O demişdir ki, layihənin birinci oxunuş müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflərin böyük əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınmışdır. Eləcə də bu sahə ilə əlaqədar beynəlxalq təcrübə öyrənilmiş və sənədin 100-dən çox maddəsinə əlavələr və dəyişikliklər edilmişdir. Əsas məqsəd vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqlarının Məcəllədə də əksini tapmasıdır ki, buna da nail olunmuşdur.
Səkkiz bölmə, 147 maddədən ibarət olan Məcəllədə mənzil qanunvericliyinin, mənzil hüquqlarının əsasları, bu hüquqların qorunması, məhdudlaşdırılması, mənzil münasibətləri, mənzil münasibətləri sahəsində dövlətin, bələdiyyələrin vəzifələri, mənzil hüquqlarının obyektləri, habelə mənzil fondu, yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüquqları, yaşayış sahəsindən istifadə, dövlət qeydiyyatı, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri və qaydaları qəza vəziyyətində olan mənzillərin yenidən qurulması və yenidən planlaşdırılması, yaşayış sahəsi mülkiyyətçilərinin hüquq və vəzifələri, dövlət ehtiyacları üçün torpaq alınarkən yaşayış sahəsi mülkiyyətçisinin mənzil hüquqlarının təmin edilməsi, kommunal mənzilin ümumi əmlakının saxlanması, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri və digər müddəalar əksini tapmışdır.
İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, deputatlar, eləcə də iclasa dəvət olunmuş mütəxəssislər sənədlə bağlı rəy və təkliflərini, tövsiyələrini vermişlər.
Sonda Mənzil Məcəlləsinin ikinci oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılması barədə qərar qəbul olunmuşdur. (AzərTAc)

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO