Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçiriləcək prezident seçkilərində 500 seçki məntəqəsində “veb kamera”nın quraşdırılması barədə qərar qəbul edilib.
APA-nın məlumatına görə, qurumun bu gün keçirilən iclasında məsələylə bağlı MSK katibi Natiq Məmmədov məlumat verib.
Onun sözlərinə görə, seçkiləri müşahidəçilik hüququ alan şəxslərdən başqa, geniş ictimaiyyət də izləyə biləcək. N. Məmmədov bildirib ki, “veb kamera”ların quraşdırılması səsvermənin gedişində aşkarlığı təmin etmək, qanunsuz müdaxilələri qeydə almaq məqsədi daşıyır. Kameralar Rabitə və İnformasiya Texnologiyaları tərəfindən quraşdırılacaq. İstənilən şəxs səsvermə günü MSK-nın rəsmi internet saytına daxil olmaqla seçkinin gedişini izləyə bilər. MSK üzvü Akif Qurbanov isə bildirib ki, “veb-kamera”larla bağlı əhaliyə sadə dildə məlumat verilməlidir. Onun sözlərinə görə, bu addım bir sıra şəxslər tərəfindən düzgün qarşılanmayacaq və səsvermənin gizliliyinin qorunmaması kimi başa düşüləcək.