Biz Dağlıq Qarabağ probleminin həllində əsas diqqəti Azərbaycan və Ermənistanın səylərinə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə ayırırıq. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Brüsseldə keçirilən ATƏT-Avropa İttifaqı nazirlərinin görüşündəki çıxışında deyib. Saudabayevin çıxışı çərşənbə günü Qazaxıstanın Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“Hesab edirik ki, münaqişənin nizamlanması üzrə baza prinsiplərinin qəbul edilməsinin uzadılması danışıqlar prosesinə mənfi təsir edə bilər və münaqişə tərəfləri arasında etimadın tamamilə itirilməsinə səbəb ola bilər. Bununla əlaqədar olaraq, Qazaxıstan baza prinsipləri üzrə razılaşdırılmamış məsələləri razılaşdırmağa kömək etməyə və bu prosesdə birbaşa iştiraka hazırdır”, – Saudabayev deyib.
O hesab edir ki, Dağlıq Qarabağ problemini yalnız bütün maraqlı tərəflərin birgə səyləri ilə həll etmək olar. “Biz inanırıq ki, eyni maraqları güdən Avropa Birliyi və ATƏT sıx əməkdaşlıq edərək və səylərini əlaqələndirərək bu münaqişənin nizamlanmasında müəyyən uğurlar əldə edə bilərlər”, – ATƏT rəhbəri deyib.
Saudabayev Ermənistan-Türkiyə əlaqələrinin normallaşması prosesinin başlanmasını razılıq hissi ilə qeyd edib və bunu Cənubi Qafqazda ən əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirib. “Qazaxıstan hər iki ölkə ilə ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə malik olan ölkə kimi bu prosesin inkişafı üçün maksimum səy göstərəcək”, – o bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Trend News