Misir ordusu Süveyşdə polislə aksiya iştirakçıları arasında qanlı toqquşmalardan sonra küçələrə texnika və hərbi birləşmələr çıxarıb. APA-nın məlumatına görə, şəhərdə baş verən toqquşmalarda 7 aksiya iştirakçısı və bir polis əməkdaşı ölüb. Prezident Məhəmməd Mursi “Twitter”dən xalqa müraciət edərək zorakılığı dayandırmağa çağırıb. Ölkənin bütün böyük şəhərlərində etiraz aksiyaları keçirilir. İştirakçılar prezident Mursini və “Müsəlman qardaşlar”ı verdikləri vədlərə əməl etməməkdə günahlandırırlar. Qahirədə nümayişçilər dövlət televiziyasını ələ keçirməyə cəhd göstəriblər, onlara qarşı gözyaşardıcı qaz tətbiq olunub. İsgəndəriyyədə iştirakçılar valiliyin binasını ələ keçirmək istəyib, toqquşmalarda çoxlu sayda yaralananın olduğu bildirilir. Qahirə və Damanxurda “Müsəlman qardaşlar”ın ofislərinə basqınlar olub. “Əl-Cəzirə” telekanalı Misirdə baş verən toqquşmalarda xəsarət alanların sayının 476 nəfərə çatdığı barədə xəbər yayıb.
Apa.az