Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycanın hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə müştərək sayt yaratmasını qəbuledilməz hesab edir.
“Mən o sayta baxdım və gördüm ki, orada Azərbaycanın lehinə heç nə yoxdur, yəni Azərbaycanla bağlı heç bir obyektiv məlumat, heç bir yazı yoxdur. Orada ilkin fikir bundan ibarədir ki, o sayt Azərbaycana qarşı yaradılmış bir saytdır. Mən həm bir vətəndaş, həm də Milli QHT Formunun prezidenti kimi o mövqe ilə heç cür razılaşa bilmərəm”, – bunu Trend-ə Zeyni deyib.
O qeyd edib ki, biz torpaqları 20 ildən artıq işğal altında olan bir xalq kimi, ölkə kimi ermənilərlə hər hansı bir müştərək saytın yaradılmasına qəti etirazımızı bildiririk.
Zeyni deyib ki, nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ermənilər qeyri-konstruktiv mövqedən əl çəkmirlər, nə qədər ki, Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün hüquqları pozulur, erməni təşkilatları, ekspertləri ilə hər hansı bir saytın yaradılması qəbuledilməzdir.
“Bu gün hər hansı bir azərbaycanlı, hər hansı bir vətəndaş öz ölkəsinin, öz millətinin mövqeyini, hüquqlarını müdafiə etməlidir. Necə ola bilər ki, biz 5-10 nəfərin hüquqlarını müdafiə edirik, amma bir milyon hüquqları taptalanmış vətəndaşların hüquqlarını bir kənara atıb Azərbaycanı bu günə salmış, bir milyon vətəndaşımızı öz torpaqlarından didərgin etmiş düşmənlərlə birgə sayt yaradırıq. Biz bunu qəbul etmirik, buna etirazımızı bildiririk”, – Zeyni deyib.
O bildirib ki, Leyla Yunusun bu addımı yeni deyil.
“Leyla Yunusun bu gün bu formada antiazərbaycan mövqe nümayiş etdirməsi heç cür qəbuledilməzdir”, – Zeyni vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni layihə həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində sayt fəaliyyətə başlayıb.