Milli Məclisin üzvləri Konfransın 7-ci sessiyasında iştirak edəcək

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə millət vəkilləri Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Cavanşir Paşazadə və Sabir Rüstəmxanlı daxildir. Tədbirdə qurumun Baş katibinin hesabatı dinləniləcək, İƏT Parlament İttifaqında Maldiv Xalq Məclisinə üzvlük, Moro Milli Azadlıq Cəbhəsinə müşahidəçi statusunun verilməsi, Layihələşdirmə Komitəsinin təsis olunması və təşkilatı məsələlər müzakirə olunacaq, sessiyanın bəyannaməsi və qətnamələri qəbul ediləcək.

Səfər çərçivəsində İƏT Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva Müsəlman Qadın Parlamentarlarının Konfransında iştirak edəcək. Toplantıda müsəlman qadınların ictimai-siyasi həyatda iştirakı, müsəlman ailələrdə məişət problemlərinin həlli, münaqişələrin aradan qaldırılmasında qadınların rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Azərbaycanlı deputatlar eyni zamanda, təşkilatın Siyasi və iqtisadi məsələlər üzrə, Hüquqi məsələlər, insan hüquqları və ətraf mühit üzrə, Qadınlar, sosial və mədəni məsələlər üzrə daimi ixtisaslaşmış komitələrinin iclaslarında, Ümumi komitənin toplantısında da iştirak edəcəklər.

Millət vəkilləri İƏTPİ-nın BMT-də müşahidəçi statusu almaq üçün müraciəti, Onillik Fəaliyyət Proqramının yerinə yetirilməsi, regional münaqişələr, o cümlədən Dağlıq Qarabağın işğalı, müsəlman dövlətləri arasında həmrəylik və birliyin təşviqi, iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq maliyyə böhranının mənfi təsirinin öyrənilməsi ilə əlaqədar xüsusi komitənin təsis olunması və digər mövzularda aparılan müzakirələrə qatılacaq, məsələlərə öz münasibətlərini bildirəcəklər. Səfər fevralın 2-də başa çatacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO