Günün birinci yarısında davam edən müzakirələrdə çıxış edən deputatlar təklif və iradlarını bildiriblər. Fazil Mustafa büdcə layihəsinin pessimist olduğunu və reallığı əks etdirmədiyini əsas gətirərək sənədin əleyhinə səs verəcəyini deyib. İqbal Ağazadə də çıxışını tənqidi motivlər üzərində qurub. Neftdən asılılığın ölkəni iqtisadi böhrana salacağını söyləyən deputat dövlət büdcəsindən ayrılan investisiyaların düzgün xərclənmədiyini bildirib. Sədr Oqtay Əsədov isə bu iddiaları əsassız adlandırıb: “Neft pulları gələcək nəsillər üçün xərclənəcək. Belə çıxır ki, indiki nəsillər üçün xərclənməməlidir? Bu yanaşma doğru deyil”.
Hikmət Atayev çıxışında bəyan edib ki, Azərbaycanın şimal bölgəsində, xüsusilə Zaqatala-Balakən bölgəsində Azərbaycan dili problemi var. Onun sözlərinə görə, həmin bölgədə yaşayan azsaylı xalqların nümayəndəsi olan gənclər bir-biri ilə evləndikdən sonra həmin ailədə Azərbaycan dilinin öyrənilməsi çətinləşir: “Bu, artıq bölgədə kütləvi hal alıb. Ona görə də təklif edirəm ki, təcili olaraq həmin azsaylı xalqların yaşadığı kəndlərdə, qəsəbələrdə Azərbaycan dilini mükəmməl bilən mütəxəssisləri cəlb etməklə uşaq bağçaları fəaliyyətə başlasın. Biz bunu gələn ilin büdcəsində mütləq nəzərə almalıyıq. Əks halda bu hal kütləviləşərək ciddi problemə çevriləcək. Azsaylı xalqların yaşadığı ərazilərdə Azərbaycan dilində məktəbəqədər təhsil verən bir dənə də uşaq bağçası yoxdur”.
Milli Məclisin komitə sədri Əli Hüseynli qeyd edib ki, Azərbaycanda Beynəlxalq İnkişaf Agentliyinin yaradılmasının vaxtı çatıb. Komitə sədri mənzil-kommunal sahədə islahatlara ehtiyac olduğunu vurğulayıb: “O sahəyə ayrılan vəsaitləri yoxlasalar, görünər ki, ayrılan vəsait düzgün xərclənmir”.
Abel Məhərrəmov hesab edir ki, elm və təhsil işçilərinin sosial məsələlərinə yenidən baxılmalıdır.
Qənirə Paşayeva gənclərin texniki-peşə məktəblərində təhsilə cəlb edilməsinə ehtiyac olduğuna diqqət çəkib: “Texniki peşə məktəblərimiz müasir standartlara cavab vermir. Büdcədə bu sahəyə çox cüzi vəsait ayrılıb. Doğrudanmı bu rəqəmlərlə ölkədə texniki-peşə təhsilini yüksəltmək mümkündür?”
Q. Paşayeva məcburi köçkünlərin universitet yataqxanalarından köçürülməsi prosesinin sürətləndirilməsinin və ali məktəblər üçün yeni yataqxanaların tikilməsinin vacibliyinə toxunub. Millət vəkili soyqırım muzeyinin yaradılması üçün dövlət büdcəsindən vəsait ayrılmasını da təklif edib.
Büdcə layihəsinə səs verməyəcəyini deyən Qüdrət Həsənquliyev isə bildirib ki, büdcə gəlirlərinin strukturuna baxdıqda qeyri-neft sektorunun zəif inkişaf etdiyi görünür. Müəllim və səhiyyə işçilərinin əməkhaqqının artırılmasının önəminə diqqət yönəldən deputat deyib ki, bunun üçün dövlət universitetləri və səhiyyə müəssisələri özəlləşdirilməlidir: “Naxçıvan Muxtar Respublikasının inkişafı ilə bağlı ayrıca dövlət proqramı hazırlanmalı, Qarsdan Naxçıvana dəmir yolunun çəkilişi prosesi sürətlənməlidir. Bakı şəhəri bu gün təhlükəli şəhərə dönüb. Xarici mətbuatdan oxuyuruq ki, ayrı-ayrı dövlətlər burada qətllər törətməyə hazırlaşırlar. Təhlükəsiz şəhər proqramı genişləndirilməli, hər binada təhlükəsizlik kameraları qurulmalıdır”.
Siyavuş Novruzov çıxışında bəzi deputatların iradlarına münasibət bildirib: “İnvestisiya qoymaq bazardan alma almaq deyil. Almanı almaq üçün əvvəl ağacını yetişdirməlisən. 1994-cü ildə müqavilə imzalanandan sonra dərhal göydən dollar tökülmədi ki. Regionlarda hər gün müəssisələr açılır”.
Etibar Hüseynov çıxışında qaçqın və məcburi köçkünlərin ünvanına bəzi iradlar səsləndirib. Deputat deyib ki, onların bəziləri Bakıda villalara sahib olub, lakin qaz və elektrik haqlarını ödəmirlər. Bu sözlər İmamverdi İsmayılov tərəfindən etirazla qarşılanıb.
Vahid Əhmədov öz gəlirlərini formalaşdıran Sumqayıt şəhəri və Abşeron rayonunu digər rayonlara nümunə göstərib. Onun fikrincə, vergi siyasətində dəyişiklik edilməsinə ehtiyac var.
Eldar İbrahimov bələdiyyələrə ayrılan dotasiyanın artırılmasını istəyib və aqrar sahədə dövlət dəstəyinin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Sədr müavini Bahar Muradova büdcə müzakirələrində irad və ittiham səsləndirən həmkarlarına etiraz edib: “Biz siyasi ambisiyalarımızı reallaşdırmaq üçün burada əyləşməmişik. Bura Mili Məclisdir, monoloq yeri deyil”. B. Muradova qaçqın və məcburi köçkünlərin ünvanına səslənən fikirlərə sərt reaksiya verib: “Qarabağdan qaçqınlar bura Bakını görmək üçün gəlməyiblər. Bununla bağlı fikirlərinizi səsləndirərkən əvvəlcə düşünün. Əgər burada kimsə villa tikibsə, hökumətin yükünü azaldıb, üç-beş iş yeri açıb. Bu gün Bakı şəhərində öz yerində yaşayıb, vətəndaş öhdəliklərini yerinə yetirməyən vətəndaşlar da çoxdur”.
Deputatlar Əhməd Vəliyev, Hikmət Atayev, Xanhüseyn Kazımlı, Tahir Süleymanov, Aqiyə Naxçıvanlı təmsil etdikləri rayonların problemlərini qaldırıb, onların həlli üçün müvafiq tədbirlər həyata keçirməyə çağırıblar.
Müzakirələr davam etdirilir.