Milli Məclis sosial ipoteka ilə bağlı qanun layihəsini gələn il yaz sessiyasında müzakirəyə çıxaracaq

Azərbaycanda sosial ipoteka ilə bağlı qanun layihəsinin parlamentin 2013-cü ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Bu barədə Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, qanun layihəsində sosial ipotekaya təklif olunan dəyişikliklər öz əksini tapacaq.
Təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi qeyd olunur.
Həmçinin sosial ipoteka kreditinin maksimum məbləğinin indiki 35 mindən 50 min manata, hətta 60 min manata qədər artırılması təklif edilir. Eləcə də, sosial ipoteka çərçivəsində illik faiz dərəcələrinin hazırkı 4 faizdən aşağı salınmasının təkrar nəzərdən keçirilməsi mümkündür.
Bundan əlavə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq ki, bu zaman o, bütün məbləği tam şəkildə özü ödəməli olacaq.
Musa Quliyev bildirib ki, növbəti ilin yaz sessiyasında “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq ki, bu sənəddə də gənclərin və gənc ailələrin mənzillə təminatı, onların sosial ipotekadan güzəştli və uzunmüddətli yararlanması, o cümlədən gənclərin işlə təminatı məsələsi öz əksini tapmalıdır.
Qeyd edək ki, Dövlət büdcəsindən 2013-cü il üçün sosial ipotekaya ayrılan məbləğ 2012-ci ildə 20 milyon manatdan 40 milyon manata qədər artırılıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO