Dəyişikliklər layihəsi Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunub.
İclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak ediblər.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dək təqaüdə çıxanlarla həmin ildən sonra təqaüdə çıxanların pensiya məbləğləri arasında ciddi fərq olub: “Qanuna ediləcək bu dəyişikliklər həmin problemi aradan qaldıracaq”.
S.Müslümov bildirib ki, dəyişikliklər nəticəsində Azərbaycanda 845 min nəfərin pensiyası artırılacaq: “Bunun üçün ildə 390 milyon manat tələb olunur. Artım bu ilin iyul ayından baş versə, bu məqsədlə büdcədən 195 milyon manat ödəniləcək”.
S.Müslümov deyib ki, dəyişikliklər nəticəsində 1 yanvar 2010-cu ilə qədər təqaüdə çıxanların pensiyası orta hesabla 40% artacaq.
Dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.