Milli Məclis ABŞ vətəndaşlarının hesabları haqqında məlumatla bağlı bir sıra qanunlara dəyişikliklərə baxacaq

Milli Məclis cümə günü yerli qanunvericiliyi yaxın vaxtlarda ABŞ hökuməti ilə amerikalı rezidentlərin xarici hesablarına vergi qoyulması haqqında FATCA (Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) qanunu üzrə əldə edilən razılaşmaya uyğunlaşdırılmasına hesablanmış bir sıra qanunverici aktlara dəyişikliklər zərfini müzakirə edəcək.

Trend-in məlumatına görə, millət vəkilləri Vergi Məcəlləsində dəyişiklikləri nəzərdən keçirəcəklər. Sənədə aşağıdakı məzmunda 76.2-1-ci maddənin əlavə edilməsi təklif edilir: “Azərbaycan Respublikası (AR) ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin AR ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilir”.

Milli Məclis, həmçinin “Sığorta fəaliyyəti haqqında” qanuna (“Sığorta sirri” haqqında 6-cı maddəyə), “Fərdi məlumatlar haqqında” qanuna (“Fərdi məlumatların verilməsi” haqqında 13-cü maddəyə), eləcə də “Banklar haqqında” qanuna (“Bank sirri” haqqında 41-ci maddəyə) bənzər məzmunlu maddələrin əlavə edilməsini müzakirə edəcək.

Bundan başqa, Vergi Məcəlləsinə bu məcəllənin 76.2-1-ci maddəsinin tələblərini icra etməməyə görə aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində maliyyə sanksiyasını nəzərdə tutan 60.1.4-ci maddənin əlavə edilməsi planlaşdırılır.

Bir müddət əvvəl Azərbaycan və IRS amerikalı rezidentlərin xarici hesablarına vergi qoyulması haqqında FATCA qanunu üzrə razılaşma əldə ediblər.

2014-cü il iyulun 1-dən başlayaraq bütün ölkələrin bankları IRS sisteminə qoşulmalı və ona bu hesablar haqqında məlumat verməlidirlər. Əks halda onlara qarşı sanksiyalar tətbiq ediləcək.

Azərbaycan Beynəlxalq Bankı (ABB), “Bank Technique”, “Zaminbank”, “Bank Avrasiya”, “Azər Türk Bank”, “Muğanbank”, “Qafqaz İnkişaf Bankı “, “Kapital Bank”, “PAŞA Bank”, “Günay Bank”, “DəmirBank”, “Xalq Bank”, “TuranBank”, “NIKOIL Bank” və “AtaBank” IRS-də qeydiyyatdan keçib.

Bundan başqa, Britaniyanın auditor və konsaltinq şirkəti “Baker Tilly”, eləcə də ABB-nin və “PAŞA Bank”ın Gürcüstandakı törəmə strukturları sistemdə qeydiyyatdan keçiblər.

Azərbaycan bu ilin mayında IRS-in əməkdaş ölkələr siyahısına daxil edilib və bunun sayəsində ABŞ-ın vergi orqanı sistemində yerli maliyyə institutlarının qeydiyyatının ən son tarixi bu il dekabrın 31-dək uzadılıb. FATCA üzrə hökumətlərarası sazişin yekun mətni, bütün zəruri dövlətlərarası prosedurların tamamlanması və bilavasitə imzalanma bu ilin sonunadək baş tutacaq. İnformasiya mübadiləsinin praktiki təşkilini, məxfiliyin təmin edilməsi və digər məsələləri tənzimləyən əlavə sənədin isə 2015-ci ilin sonunadək imzalanması gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO